Səhiyyə Nazirliyi tərəfindən fəaliyyəti dayandırılan “Atlas Medical Center” MMC rəhbərliyinin bu klinikanın bağlanmaması barədə verdiyi informasiya düzgün deyil.
Bunu "Trend"-ə nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirli deyib.
Onun sözlərinə görə, bu müəssisə təkcə lisenziya əlavəsində göstərilən xidmətlərdən kənar - ginekoloji və doğuşayardım xidmətləri göstərməyib, həm də ümumilikdə fəaliyyətində nöqsanlar olub: "Buna görə də müəssisə rəhbərliyinin klinikanın yalnız ginekoloji şöbəsinin bağlanması barədə verdiyi informasiya yanlışdır. Klinikanın fəaliyyəti bütünlüklə dayandırılıb və bu barədə Səhiyyə Nazirliyinin sərəncamı var. Artıq “Atlas Medical Center”in hüquqşünası da klinikanın fəaliyyətini dayandırdığını nazirliyə açıqlayıb".
Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən “Atlas Medical Center” MMC-nin tibb fəaliyyətinin nöqsanlar tam şəkildə aradan qaldırılana qədər dayandırılması barədə xəbər bir neçə gün əvvəl yayılmışdı. Amma klinikanın rəhbərliyi bunu təkzib edirdi.


Şərhlər