Keçmiş SSRİ respublikalarında dini liderlərin əksəriyyətinin əvvəllər “KQB”, daha sonra isə Rusiya FTX-sının agentləri olduğu barədə iddialar uzun illərdir ki, mövcuddur. Bu gün Ermənistanda baş verənlər isə həmin iddiaların həqiqiliyini təsdiqləməkdədir...

“AzPolitika” xəbər verir ki, Ermənistan mətbuatının yazdığına görə, keşiş Baqrat Srbazanın (Qalstanyan) başçılıq etdiyi və Qazaxın 4 kəndinin qaytarılmasına dair razılaşmaya etiraz olaraq başladılan hərəkat İrəvandakı aksiyada ciddi siyasi tələblər irəli sürməyə başlayıb. Baqratın özü isə artıq siyasi müxalifət lideri kimi bəyanatlarla çıxış edir. Məsələn, ötən günkü müraciətində keşiş deyib: “Bizim ilk addımımız parlamentdə Paşinyana etimadsızlıq səsverməsinə və onun istefasına nail olmaqdır. Bu prosesin təşkilini parlamentdəki üç fraksiya ilə müzakirə edəcəyik. Cavab olmasa, dinc itaətsizlik aksiyaları təşkil edəcəyik”.

Baqrat Srbazan bir qədər də irəli gedərək, Ermənistan parlament fraksiyalarının deputatları ilə Nikol Paşinyanın istefası prosesinə başlamaq məsələsini müzakirə edib. Müzakirələrdə Koçaryan-Sarqsyan cütlüyünün “Ermənistan” fraksiyasının deputatları Artsvik Minasyan, Seyran Ohanyan, Qarnik Danielyan, İşxan Saqatelyan iştirak edibər. Onlara “Şərəfim var” fraksiyasından olan deputat, qatı millətçi, iranpərəst və rusiyapərəst Tiqran Abramyan da qoşulub. Baqrat həmçinin, İrəvanda və Ermənistanın bölgələrində tətillərə, itaətsizliyə çağırıb: “Sabah saat 10:00-dan etibarən şəhərin bütün mümkün ərazilərində dinc itaətsizlik aksiyaları keçirməyə başlayacağıq. Bütün universitetlərə, təhsil təşkilatlarına müraciət edirəm. Sabah tətilə başlayacağıq. Mən rayon sakinlərini də itaətsizlik aksiyalarına başlamağa çağırıram”.

“İlanın başı” olan və “şeytan yuvası”na başçılıq edən II Qaregin isə Erməni Kilsəsinin mahiyyəti kimi riyakarlıqla və üstörtülü şəkildə, ad çəkmədən Baqratın aksiyasına dəstək verib. Qaregin İkinci Dünya Müharibəsi ilə bağlı müraciətində deyib: “Ağır hisslərlə bu gün biz qələbə və sülh bayramını, Böyük Vətən Müharibəsində qələbə bayramını, Şuşanın “azad edilməsinin”(?) və “artsax müdafiə ordusu”nun yaradılmasının ildönümünü qeyd edirik. Bu gün ölkəmiz və xalqımız ağır ekzistensial çağırışlarla üz-üzədir. Sonsuz əziyyətlər və fədakarlıqlar bahasına azad edilmiş “artsax” işğal edilir(?) və viran edilir(?), ziyarətgahlarımız, məzarlarımız tərk edilir və dağıdılır(?). Ermənistanın sərhədləri təhlükə altındadır, doğma xalqımızın həyatı təhlükə altındadır, sülhümüz əldən gedir, milli ləyaqətimiz yaralanır...”

Qareginin, Baqratın və digər keşişlərin timsalında erməni kilsəsinin bu cür dinə, əmin-amanlığa yox, şeytana, iblisə müharibəyə, qanlar axıdılmasına xidmət edən çağırışlarına ilk dəfə deyil rast gəlinir. Xüsusilə də Paşinyanın hakimiyyətə gəlişindən və kilsənin imtiyazlarını məhdudlaşdırmasından sonra zatən Koçaryan-Sarqsyan cütlüytünün xidmətində duran irili-xırdalı erməni keşişləri açıq siyasi bəyanatlarla çıxış etməyə başladılar. Baqratın başçılıq etdiyi aksiyalar da bu prosesin davamıdır.

Rusiyayönümlü mətbuat və kanallar bir neçə gündür aksiyadan canlı yayım aparırlar. Ötən gün meydana 20-30 min aralığında insan toplaşdığı bildirilir. Bu arada Baqratın mütəmadi olaraq Robert Koçaryanla əlaqədə olduğu barədə məlumat yayılıb. Erməni KİV-lərinin yazdığına görə, Tavuş yeparxiyasının rəhbəri, uzun müddət ekstremist çağırışları ilə tanınan arxiyepiskop Baqrat Qalstanyan etirazların ilk günlərində İrəvana gələrək, Robert Koçaryanla görüşüb. Qeyd olunur ki, o, etiraz hərəkatının səngiməsindən şikayətlənib və deyib ki, “hətta bu dörd kənddə də insanlar ayağa qalxıb hakimiyyətə qarşı çıxmır”. Buna cavab olaraq, Koçaryan Baqrata “döyüşü paytaxta köçürməyi” məsləhət görüb.

Lakin belə görünür ki, Paşinyan hakimiyyəti bu aksiyalardan bir o qədər narahat deyil. Ötən gün Baqrat meydanda Paşinyana istefaya getməsi üçün bir saat vaxt vermişdi. Lakin hökumətdən bu çağırışa heç bir reaksiya verilmədi. Yalnız hakim partiyanı parlamentdə təmsil edən sıravi deputatlardan biri - Vaaqn Aleksanyan İctimai Televiziyada Baqratın istefa tələbinə dair sualı cavablandırarkən deyib ki, Ermənistan Respublikasında hakimiyyəti dəyişmək ixtiyarı yalnız xalqa məxsusdur. Hazırda isə bunu xalq yox, əvvəlki hakimiyyət istəyir.

Nikol Paşinyanın mətbuat katibi Nazeli Baqdasayan isə öz “facebook” səhifəsində Nikol Paşinyanın fotosunu dərc edərək, altından yazıb: “Ermənistan Respublikasının seçilmiş Baş naziri”.

Bütün bunlar o deməkdir ki, Paşinyan hakimiyyəti bui etirazları və hücumları da dəf etmək iqtidarındadır. Bu hökumət daha əvvəl indikindən qat-qat daha kütləvi və ağır təzyiqlərin öhdəsindən gələ bilib.

Yeri gəlmişkən, istefa tələblərinə dair çağırışlara cavab verən Paşinyan 3 gün əvvəl keçirdiyi mətbuat konfransında ironik şəkildə deyib: “Mən artıq bir neçə dəfə istefa vermişəm. Ermənistanın Baş nazirinin davamlı olaraq istefa verməsi qeyri-ciddi olardı...”

C.Məmmədov

“AzPolitika.info”