Menu

Bolqarıstanla əməkdaşlıq strateji mahiyyət daşıyır

10.05.2024, 15:27
Bolqarıstanla əməkdaşlıq strateji mahiyyət daşıyır

Slovakiya Respublikası hökümət başçısının bu yaxınlarda ölkəmizə rəsmi səfərindən dərhal sonra Bolqarıstan Respublikası Prezidentinin də Bakıya gəlişi Avropa-Azərbaycan əlaqələrinin dinamizmini göstərir.

Hər iki ölkə arasındakı ikitərəfli münasibətlər 2015- ci ildən strateji tərəfdaşlıq səviyyəsinə qalxmışdır. 2022- ci ildə Bolqarıstana 600 milyon kubmetr qaz ixrac edən ölkəmiz indi bu rəqəmi 1,2 milyard kubmetrə çatdırmışdır.

Həm də Bolqarıstan Azərbaycan qazınının Avropa ölkələrinə ixracında tranzit ölkə kimi də mühüm rol oynayır. Bolqarıstanla ölkəmizin tərəfdaş ölkələrə “yaşıl enerji kabeli“layihəsi istiqamətində də ciddi əməkdaşlığımızı nəzərə alsaq, gələcəkdə Avropaya təbii qazdan başqa yaşıl enerji təchizatcısı kimi də xüsusi prioritetə sahib strateji tərəfdaş statusumuzu gücləndirəcəkdir.

Azərbaycanın sərmayəsi sayəsində bir neçə gün bundan əvvəl Bakı-Tbilisi-Qars dəmir yolunun modernləşdirilməsi tam başa çatmışdır. Onun ötürmə qabiliyyəti bir neçə dəfə artırılmışdır. Vaxtilə Azərbaycan tərəfindən təşəbbüs kimi irəli sürülmüş, bu gün isə artıq imkanları genişləndirilmiş bu layihə Orta Dəhlizin önəmli seqmenti kimi təbii ki, mühüm rol oynayacaq. Həm Şərq-Qərb istiqaməti və həm də əks istiqamət üzrə daha böyük həcmdə yüklərin daşınması bizim münasibətlərimizi daha da gücləndirəcək.

Ötən illərdə qarşılıqlı hörmət və etimad üzərində qurulmuş Azərbaycan-Bolqarıstan əlaqələri siyasi, iqtisadi, mədəni, enerji və başqa sahələrdə də dinamik şəkildə inkişaf etməkdədir. İki ölkə arasında indiyədək imzalanmış 60 sənədin həcmi və perspektiv əhəmiyyəti də fikirlərimizə sübutdur.

Hər iki ölkə arasında tərəfdaşlıq Cənubi Qafqazda və Qara Dəniz hövzəsi ölkələrində strateji tərəfdaşlığı da prioritet səviyyəyə qaldırmışdır. Bolqarıstan Respublikasının Prezidenti cənab Rumen Radevin ölkəmizə indiki səfəri zamanı imzalanmış “Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında strateji tərəfdaşlığın gücləndirilməsi haqqında Birgə Bəyannamə”; “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti və “Bulgaria Air” Səhmdar Cəmiyyəti arasında kod paylaşma Sazişi”; “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Bolqarıstan Respublikasının İnnovasiya və İnkişaf Nazirliyi arasında texnoloji innovasiya sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”; “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “Asarel Investment” arasında Anlaşma Memorandumu” kimi vacib sənədlərdə strateji tərəfdaşlığımızın gələcək perspektivlərini göstərməkdədir.

Həsən Bayramov

Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının üzvü

İcmanın Binəqədi rayon nümayəndəsi,

Pedaqogika elmləri doktoru, professor,

Pedaqoji və Sosial Elmlər Akademiyasının akademiki

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol