Rusiya qoşunlarının nəzarətində olan Luqansk vilayətinin Sorokino şəhərində (sovet adı Krasnodondur) bazar ertəsi bir neçə partlayış baş verib. Sosial şəbəkələrdə yayılan videolarda güclü yanğın görünür.
Ukrayna teleqram kanallarının yaydığı videolarda Rusiya ordusunun silah-sursat anbarlarının yandığı görünür. Ukrayna ordusu yayılan xəbərləri hələlik şərh etməyib.
Rusiyanın Luqansk vilayəti administrasiyasına təyin etdiyi qondarma rəhbər Leonid Paseçnik şəhərin Ukrayna Silahlı Qüvvələri tərəfindən atəşə tutulduğunu təsdiqləyib. O, yanğının başladığını desə də, hansı obyektlərin vurulduğunu dəqiqləşdirməyib. Onun sözlərinə görə, 4 nəfər xəsarət alıb, şəhərə gedən yol bağlanıb. Məlumatda həmçinin bildirilir ki, mərmilərin atıldığı ərazidən sakinlərin təxliyyəsinə başlanılıb ki, bu da vurulan obyektin silah-sursat anbarı olduğunu göstərə bilər.
Sorokino cəbhə xəttindən 100 kilometrdən çox məsafədə, rus ordusunun arxa cəbhəsində yerləşir. Şəhər 2014-cü ildən “LNR” separatçılarının nəzarəti altındadır.
Son günlər Ukrayna hərbçiləri Luqansk vilayətinin Rusiyanın nəzarətində olan ərazilərə iki dəfə raket zərbələri endirib. Hər iki halda hədəf neft anbarları olub. Mayın 10-da Rovenki şəhərindəki neft anbarına hücum nəticəsində 4 nəfər həlak olub.
Leonid Paseçnik bildirib ki, Rovenekin atəşə tutulması zamanı Amerika istehsalı olan ATACMS raketlərindən istifadə edilib. Ukrayna hərbçiləri bu barədə açıqlama verməyib. ABŞ dəfələrlə bəyan edib ki, Vaşinqton ABŞ-nin verdiyi silahların Rusiya ərazisində istifadə olunmasına qarşıdır, lakin Luqansk vilayəti Ukraynanın beynəlxalq səviyyədə tanınan ərazisidir.
“AzPolitika.info”


Şərhlər