Menu

Ukraynada yeni atəşkəs razılığı əldə olundu

05.12.2014, 10:39
Ukraynada yeni atəşkəs razılığı əldə olundu

Ukrayna mərkəzi hökuməti separatçılarla dekabrın 9-dan başlayan atəşkəslə bağlı razılıq əldə edib. Əvvəlki atəşkəs qüvvədə olsa da, münaqişəni dayandıra bilməyib. Xəbəri "Deutsche Welle" yayıb.

Dekabrın 4-də prezident Petro Poroşenko öz vebsaytında bəyanat yayıb. O bildirib ki, Ukrayna ordusu "sükut günündə" Şərqi Ukraynada vuruşmaları dayandıracaq. Onun sözlərinə görə, yeni atəşkəsə əməl olunsa, Ukrayna səhərisi gün şərq cəbhəsindən ağır hərbi texnikanı geri çəkə bilər. Bir şərtlə ki, separatçılar da atəşkəsə əməl etsinlər. Rusiyanın "RİA Novosti" xəbər agentliyi Donetsk və Luqansk separatçı bölgələrin liderlərinə istinadən xəbər verir ki, onlar da dekabrın 9-dan döyüş əməliyyatlarını dayandırmağa razılaşıblar.

Sentyabrda ATƏT (Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı) vasitəsilə Kiyev və Moskva hökumətləri Minskdə atəşkəslə bağlı razılığa gəlmişdilər. Buna baxmayaraq, atəşkəs döyüşlərin azalmasına çox cüzi təsir göstərdi.

Poroşenko bildirib ki, Ukrayna 9 sentyabr "sükut günündən" etibarən Minsk müqaviləsinin icrası üçün tədbirlər hazırlayıb.

"Donetsk Xalq Respublikası"nın ötən ay seçilmiş parlament spikeri Andrey Purqin "RİA Novosti"yə bildirib ki, 9 sentyabr atəşkəsi Minsk müqaviləsinin tərkib hissəsidir. "Minsk qrupu - biz özümüz, Ukrayna ordusu, ATƏT və rusiyalı vasitəçilər dekabrın 9-dan atəşkəs bağlamaq üçün razılığa gəlib", - o deyib.

Ötən 8 ay ərzində Ukraynada 4300 nəfərdən çox insan ölüb. Bu müddət ərzində bir neçə dəfə atəşkəs imzalanıb və pozulub.

Ukrayna ilə bağlı 4 dekabr bəyanatları Rusiya prezidenti Vladimir Putinin xalqa müraciətindən sonra 50-yə yaxın ATƏT ölkəsinin xarici işlər nazirlərinin hər il keçirdiyi Bazel iclasına təsadüf edib. Qeyd edək ki, nazirlər iclasda Ukraynada gərginliyi azaltmağın yollarını müzakirə edəcəklər. /eunews.az

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol