Rusiya Baş Prokurorluğu məhkəmə vasitəsilə “Yukos” şirkətinin keçmiş ortaq sahibləri Mixail Xodorkovski və Platon Lebedevə məxsus təxminən 1 milyard rubl, eləcə də 1,8 milyon dollardan çox vəsaitin dövlət nəfinə müsadirə olunmasını tələb edir.
“AzPolitika” xəbər verir ki, bu barədə TASS agentliyi Rusiyanın dövlət qurumlarındakı mənbəyə istinadən məlumat yayıb.
Moskvanın Meşçanski Məhkəməsinin Rusiyada “xarici agent” kimi tanınan Mixail Xodorkovski və “Menatep”in keçmiş rəhbəri Platon Lebedevə qarşı Baş Prokurorluğun iddiasını ötən həftə qeydə alıb. Rusiya paytaxtının ümumi yurisdiksiya məhkəmələrinin məlumat bazasında iddianın mayın 8-də daxil olduğu bildirilir.
Məlumata görə, iddia ilə bağlı ilk rəsmi iclas mayın 27-nə planlaşdırılıb.
Xodorkovski və onun biznes ortağı Lebedev “Yukos işi”ndə ittiham olunur. Onlara qarşı səhmlərin və neftin oğurlanması, habelə vergidən yayınma ittihamı irəli sürülüb. Oliqarxların hər ikisi neft şirkətinin idarə heyətində təmsil olunub. 2005-ci ilin yazında məhkəmə onların hər birini 9 il həbs cəzasına məhkum edib.
Mixail Xodorkovski 2013-cü ildə əfv olunub, bundan sonra Rusiyanı tərk edib. Platon Lebedev isə 2014-cü ilin yanvarında həbsdən azad edilib.
2015-ci ildə Mixail Xodorkovski Nefteyuqansk meri Vladimir Petuxovun qətlinin istintaqı çərçivəsində axtarışa verilib. 2024-cü ilin yanvarında o, Rusiya ordusu haqqında saxta məlumat yaymaqda ittiham edilərək axtarışa verilib.
Bununla əlaqədar olaraq, Baş Prokurorluq hazırda Xodorkovski və Lebedevdən külli miqdarda vəsaitin tutulmasını tələb edir. Oliqarxlar hələlik iddiaya münasibət bildirməyiblər.
“AzPolitika.info”


Şərhlər