Menu

ABŞ Gürcüstan rəsmilərinə viza qadağası qoydu – Blinken Tbilisi ilə münasibətlərə yenidən baxıldığını açıqladı

24.05.2024, 13:22
ABŞ Gürcüstan rəsmilərinə viza qadağası qoydu – Blinken Tbilisi ilə münasibətlərə yenidən baxıldığını açıqladı

Birləşmiş Ştatlar “xarici agentlər” haqqında qanuna görə Gürcüstana viza məhdudiyyətləri tətbiq edir və Tbilisi ilə əməkdaşlığa yenidən baxmağa başlayır.

“AzPolitika” Qərb mediasına istinadla xəbər verir ki, bu barədə qərar ABŞ dövlət katibi Entoni Blinken tərəfindən açıqlanıb.

Vizala qadağası “Gürcüstanda demokratiyanın pozulmasına görə məsuliyyət daşıyanlar” və onların ailə üzvləri ilə məhdudlaşacaq. Blinkenin fikrincə, “xarici agentlər” qanunu fikir və birləşmə azadlığını sıxışdırır, həmçinin müstəqil medianın işinə mane olur.

“Biz ümidliyik ki, Gürcüstan liderləri qanun layihəsini yenidən nəzərdən keçirəcək və ölkənin demokratik və Avro-Atlantik məkana inteqrasiya istəklərini inkişaf etdirmək üçün addımlar atacaq”, - ABŞ dövlət katibi əlavə edib.

Bundan əvvəl Konqresdə çıxış edən Blinken Gürcüstan parlamentinin ötən həftə qəbul etdiyi “Xarici təsirin şəffaflığı haqqında” qanunu “Rusiya dərsliyindən yenidən yazılmış” adlandırmışdı.

Ölkə daxilindəki tənqidçilər də bu qanunun Rusiyanın xarici agentlər haqqında repressiv qanununa bənzədiyini deyirlər. On minlərlə etirazçı bir aydan çoxdur ki, Gürcüstanın və Avropa İttifaqının bayraqları ilə “Rusiya qanunlarını” qəbul etməmək tələbi ilə Gürcüstan şəhərlərində etiraz aksiyaları keçirir.

Avropa da qanun layihəsini pisləyib. Avropa Komissiyası Gürcüstan hakimiyyətini onu qəbul etməkdən imtina etməyə çağırıb və bunun “Gürcüstanın Avropa perspektivlərinə mənfi təsir edəcəyini” bəyan edib. Avropa Komissiyası da hesab edir ki, qanun layihəsi vətəndaş cəmiyyətinə xələl gətirir və media azadlığını təhdid edir. Keçən il Gürcüstan Avropa Birliyinə üzv olmaq üçün namizəd statusu alıb, lakin danışıqlar hələ başlamayıb.

Qanun layihəsinin təşəbbüskarı olan “Gürcü arzusu” partiyası beynəlxalq təzyiqləri pisləyib. O, qanunun təşkilatların xaricdən aldıqları maliyyənin şəffaflığını təmin etmək və ölkənin suverenliyini qorumaq üçün zəruri olduğunu bəyan edib.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “Gürcü arzusu”nun mövqeyini dəstəklədiyini bildirib və Qərb ölkələrinin qanun layihəsinə reaksiyasını “şantaj” adlandırıb.

Gürcüstan Prezidenti Salome Zurabişvili qanun layihəsinə veto qoyub. Bununla belə, “Gürcü arzusu” parlamentdə Prezidentin vetosunu ləğv etmək üçün kifayət qədər səsə malikdir. O, bunu gələn həftə, mayın 28-də etməyi planlaşdırır.

Rasim Əliyev

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol