Rusiyanın Ukraynaya qarşı davam edən hücumları müharibənin Qərbə doğru sıçrayacağı ilə bağlı narahatlıqları artırır.
"AzPolitika" "Finacial Times" nəşrinə istinadla xəbər verir ki, Rusiyanın mümkün təhdidlərindən qorunmaq istəyən Qərb ölkələri "dron divarı" strategiyasından istifadə etməyi düşünür.
Məlumata görə, pilotsuz uçuş aparatlarından ibarət bu qüvvələr Rusiya sərhədi boyunca, Norveçdən Polşaya qədər uzanacaq. Nəşr qeyd edir ki, 6 NATO ölkəsi bu planı həyata keçirmək istəyir. Bildirilib ki, Finlandiya, Norveç, Polşa və üç Baltikyanı dövlətin nazirləri Rusiya ilə sərhədləri boyunca koordinasiyalı pilotsuz uçuş aparatları sisteminin yaradılmasını müzakirə ediblər.

Bu barədə danışan Litvanın daxili işlər naziri Aqne Bilotaite planın yeni olduğunu bildirib:"Norveçdən Polşaya qədər uzanan dron divarı... Məqsəd sərhədlərimizi qorumaq üçün dron və digər texnologiyalardan istifadə etməkdir".
"Financial Times" yazır ki, sözügedən planın vaxtı və necə işləyəcəyi ilə bağlı təfərrüatlar hələlik məlum deyil. Layihənin icrası üçün Avropa İttifaqının (Aİ) vəsaitlərindən istifadə oluna biləcəyi bildirilir.
"Bir çox NATO ölkələri hesab edir ki, Rusiya yaxın 5-10 il ərzində NATO-nun sərhədlərinə hücum edə bilər",- nəşr qeyd edib.
"AzPolitika.info"


Şərhlər