"Ümumiyyətlə, bu il üçün proqnozlaşdırılan büdcə demək olar ki, ötən ilin dəqiqləşdirilmiş büdcəsi ilə rəqəmsal olaraq eyni idi. Yəni bu ilin büdcəsi ötən ilin dəqiqləşdirilmiş büdcəsi qədər planlaşdırılmışdı. Neft qiymətləri 60 dollardan konservativ götürülmüşdü, amma nəticə etibarı ilə bu beş aylıq periodda neftin qiyməti daha yüksək oldu. Azərbaycan nefti 80-90 dollar arasında ticarət edildi. Bu, həm ölkənin gəlirlərini, həm də vergiləri artıran nüansdır".
Bunu iqtisadçı Xalid Kərimli 2024-cü ilin dövlət büdcəsinə dəyişikliklərlə bağlı Milli Məclisə təqdim edilən qanun layihəsini "AzPolitika"-ya şərh edərkən deyib.
Ekspert büdcəyə dəyişikliyin əvvəlki proqnozların dəqiqləşdirilməsi ilə bağlı olduğunu deyib: "Düşünmürəm ki, bunun qlobal bir təsiri olsun. Sadəcə, əvvəlki proqnozlarını dəqiqləşdirirlər. Yeni formalaşmış qiymət səviyyəsi var. 2022-ci ildə ikirəqəmli qiymət artımı var idi. İnflyasiya 2023-cü ildə 9 faizə yaxın oldu, bu il də 3-4 faiz arası gözlənilir. Bu baxımdan inflyasiya büdcənin gəlirlərini nominal olaraq artırmış olur".

İqtisadçı qeyd edib ki, yeni büdcədə DSMF-nin xərclərinin artırılması nəzərdə tutulsa da, bunun maaş və pensiyalara müsbət təsiri olmayacaq: "DSMF-dəki 5 milyon manatlıq artım inzibati xərclərə yönəlib və ümumi məbləğ 30 milyona çatdırılıb. 25 milyon manat isə planın icra olunmasına yönəlib. Ona görə də bunun maaş və pensiyalara heç bir təsiri olmayacaq. Ölkədə 1 milyon 100 min nəfərdən artıq pensiyaçının olduğunu nəzərə alsaq, 25 milyon manat heçnədir. Pensiyaçıların pensiyası və təqaüdlər gələn il yanvarın birindən indeksasiya ediləcək. Ümumiyyətlə, hökumət bu sahədə pensiyaların indeksləşdirilməsini qanuniləşdirib. Ona görə də bu sahədə ildə bir dəfə dəyişiklik olur. Bu, nəyə əsaslanır? Orta aylıq əməkhaqqının artım faizinə uyğun olaraq, maaşlar artdıqca, pensiyalar da artır. Başqa sözlə, maaşlar artmasa, pensiyalar da artmayacaq".
X. Kərimlinin sözlərinə görə, yeni dəyişikliyin sahibkarlara hər hansı mənfi təsiri olmayacaq: "Büdcədə gömrük və vergi planları artacaq. Amma bu sahibkarların fəaliyyətinə təsir etmir. Çünki burada faizlərin artırılmasından söhbət getmir. Vergi və gömrük faizləri artmır, sadəcə plan artırılır. Bu da əsasən nədən asılıdır? İnflyasiya olub, qiymətlər artıb. Ölkədə idxal artdıqca, gömrük yığımları da artıb. Yəni, burada gömrük planının artması sırf ölkəyə gətirilən malların dəyərinin artması ilə əlaqədardır.
Onsuz da ölkədə sahibkarlığın vəziyyəti o qədər yaxşı deyil. Bu ilin dörd ayının qeyri-neft ixracına baxdıqda bərbad rəqəmlər üzə çıxır. Görürsünüz, heç yerdə bu rəqəmləri səsləndirmirlər. Ötən il bizdən də efirlərdə soruşurdular ki, qeyri-neft ixracı bu qədər artıb, təsiri nədir? və s. Amma indi heç kim qeyri-neft ixracı haqqında danışmır. Sahibkarlığın inkişaf vəziyyətini qeyri-neft ixracı ilə əlaqələndirə bilərik ki, orada da görünən vəziyyət yaxşı deyil".
E. Bəyməmmədli
"AzPolitika.info"

Şərhlər
Ölkədə ərzaq. xidmətlərin 2023-cü ildə 38-45 artımı olduğu halda 9 faiz inflyasoya necə hesablanıb?Axə xarici valyuta dəyişməz qalıb.Bu yanlışlıqların məqsədi nədir?