Ukrayna Silahlı Qüvvələrinin PUA-ları ötən gecə Moskva vilayətinə növbəti kütləvi hücum həyata keçirib. 

“AzPolitika” xəbər verir ki, bu barədə sosial media və Rusiya rəsmiləri tərəfindən məlumatlar yayılıb.

Ukrayna monitorinq kanallarına görə, FP-1 dronlarının hücumu nəticəsində Podolskdakı Koledino qəsəbəsində yerləşən “Wildberries” şirkətinin ən böyük mərkəzlərindən birində yanğın baş verib. “Astra” kanalı hücumu təsdiqləyib. Video görüntülərdə Podolsk bölgəsində iki yanğın və qara tüstü görünür. 

“Wildberries”-in açıqlamasına görə, logistika kompleksinə zərər dəyməyib, lakin "təhlükəsizlik səbəbi ilə təxliyə aparılıb”. Şirkət bildirib ki, "bütün işçilər binadan nizamlı şəkildə təxliyə ediliblər".

Bu, son günlər ərzində "Wildberries" anbarlarına edilən ilk hücum deyil. İyulun 18-nə keçən gecə Tambov vilayətinin Kotovsk şəhərindəki anbara edilən hücum zamanı gecə növbəsində olan 7 işçi həlak olmuş, 25 nəfər yaralanmışdı. Moskva ətrafındakı Elektrostal şəhərində isə anbar ərazisinə dron düşməsi nəticəsində 24 nəfər xəsarət almışdı.

Podolskın cənubundakı Lvovski rayonunda neft anbarına da hücum edilib. Moskva bölgəsində beş yanğının qeydə alındığı bildirilir. Dron hücumu, həmçinin Domodedovo rayonunda 650.000 kvadrat metrdən çox sahəni əhatə edən Cənub Qapısı Sənaye Parkındakı əsas logistika mərkəzində yanğına səbəb olub. 

"ASTRA" teleqram kanalının yaydığı məlumata görə, dronlardan biri Domodedovo şəhərində, Kurıjov küçəsi 20 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasına çırpılıb

Domodedovo xəstəxanası mina-partlayış travmaları ilə 6 nəfərin müraciət etdiyini, onlardan 3-nü xarici ölkə vətəndaşı olduğunu bildirib. Yaralılardan birinin vəziyyəti ağırdır.

Moskva vilayətinin qubernatoru Andrey Vorobyov hücumu təsdiqləyib və hücumun "dəf edildiyini" bildirib.

Moskva meri Sergey Sobyanin bildirib ki, bazar günü saat 20:30-dan bazar ertəsi saat 5:00-dək Moskva vilayətinə 400-dən çox PUA hücum edib. Onun iddiasına görə, onların əksəriyyəti uzaqdan, 85-i isə paytaxta yaxınlaşarkən məhv edilib.

Eyni zamanda, Cənub mikrorayonunda bir dronun çoxmərtəbəli yaşayış binasına çırpılması nəticəsində binanın xarici görünüşünə ziyan dəyib. "Cənub Qapıları" sənaye zonası 144 hektar sahəni əhatə edən və ümumi ərazisi 650 min kvadratmetri aşan böyük anbar infrastrukturudur. Mövcud anbar obyektlərinin sahəsi 180 min kvadratmetrdən genişdir.

Eləcə də Motovilovo ərazisindəki "Qrivno" sənaye parkının da zərbəyə məruz qaldığı qeyd olunur.

Ukrayna Prezidenti Volodimir Zelenski mövzu ilə bağlı çıxışında hücumların səbəbini izah edərək, "Wildberries" logistika mərkəzlərində Rusiya ordusuna məxsus pilotsuz uçuş aparatlarının komplektləşdirici hissələrinin saxlanıldığını bəyan edib.

“AzPolitika.info”