İyulun 3-də Belarusun Müstəqillik Günü şərəfinə keçiriləcək paradda Rusiya, Qazaxıstan və Azərbaycan hərbçiləri iştirak edəcək.
“AzPolitika” xəbər verir ki, bu barədə Belarusun Müdafiə Nazirliyi məlumat yayıb.
“Hazırda bizim 26 parad heyətimiz var. Xarici qoşunların gəlişi nəzərə alınmaqla onların sayı artacaq. Artıq Rusiya, Qazaxıstan və Azərbaycan Respublikası tərəfindən təsdiq edilib”, – deyə Minsk Hərbi Komendantlığının hərbi komendantı, polkovnik Dmitri Jukovski bildirib.
Azərbaycanın paradda iştirakını “AzPolitika”-ya şərh edən politoloq Fərhad Məmmədov bildirib ki, hər bir ölkə əlamətdar günlərdə müəyyən tədbirlər planlaşdırır və özünə yaxın ölkələrə təkliflər göndərir: “Azərbaycan hərbçiləri Rusiyada keçirilmiş yubiley qələbə paradlarında, bu yaxınlarda isə Pakistanda hərbi paradda iştirak ediblər. Hər bir ölkənin özünəməxsus protokolu var, ona uyğun da dəvətlər edilir”.
Ekspert qeyd edir ki, ölkələr arası münasibətlərin səviyyəsindən asılı olaraq belə təkliflər ya qəbul edilir, yaxud edilmir.
“Belarusla Azərbaycan arasında siyasi, iqtisadi münasibətlər, ticarət əlaqələri həmişə yüksək səviyyədə olub. Xüsusi olaraq qeyd etmək lazımdır ki, iki ölkə hərbi sənaye sahəsində də əməkdaşlıq təcrübəsinə malikdirlər. Ona görə də bu dəvətin mənalandırılmasına əsas görmürəm”, - F.Məmmədov vurğulayıb.
Rasim
“AzPolitika.info”


Şərhlər