Naxçıvan Muxtar Respublikasına yeni səhiyyə və təhsil nazirləri təyin edilib.

"Report"un yerli bürosu xəbər verir ki, bununla bağlı Naxçıvan Ali Məclisinin sədr müavini Anar İbrahimov qərarlar imzalayıb.

Qərara əsasən, səhiyyə naziri bu vəzifəni müvəqqəti icra edən Samiq Asəf oğlu Sadıxov, təhsil naziri isə bu postu müvəqqəti icra edən Elxan Nəcəfov təyin olunub.

Qeyd edək ki,  S.Sadıxov 1987-ci ildə Naxçıvan şəhərində anadan olub. 

O, 2020-ci il dekabrın 8-də “Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxsin direktoru vəzifəsinə təyin olunub.

 Samiq Sadıxov

12 aprel 2023-cü ildə Samiq Sadıxov Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin birinci müavini təyin edilib. Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti nazirin birinci müavini Samiq Sadıxova verilib.

Təhsil naziri təyin olunan Elxan Tarqulu oğlu Nəcəfov isə 1982-cildə Babək rayonunun Nehrəm kəndində anadan olub.

E.Nəcəfov BDU-nun filologiya fakültəsini bitirib. Magistr səviyyəsi üzrə təhsilini 2016-cı ildə tamamladıqdan sonra AMEA-da doktorantura səviyyəsinə qəbul olub.

Pedaqoji fəaliyyətə ümumtəhsil məktəblərində müəllimliklə başlayaraq, bir müddət "Hədəf" Tədris Mərkəzində təlim-tərbiyə işləri üzrə direktor vəzifəsində çalışıb.

 Elxan Nəcəfov

Bundan əlavə, İxtisasartırma İnstitutunda təlimçi-müəllim, Dövlət Gömrük Akademiyasında və Bakı Biznes Universitetində "Azərbaycan dili və nitq mədəniyyəti", "Azərbaycan dilində işgüzar və akademik komminukasiya" fənlərini tədris edib. 2016-2020-ci illərdə AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunda Çap kitablarının tədqiqi şöbəsində baş mütəxəssis vəzifəsində çalışıb. 2021-ci ildə ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzində Əlaqələndirmə şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

Elxan Nəcəfov müxtəlif beynəlxalq və yerli konfranslarda iştirak edib. Onun məqalələri xaricdə və yerli nüfuzlu elmi jurnallarda nəşr edilib. Həmçinin, təhsildə keyfiyyətin yüksəldilməsi ilə bağlı müəllimlərin inkişafına yönəlmiş müxtəlif layihə və təlimlərin icraçısı olub.

O, ümumtəhsil müəssisələrində hazırda tədrisdə istifadə edilən Azərbaycan dili dərsliklərinin redaktorudur. Həmçinin 2014-cü ildən Azərbaycan Respublikası Təhsil Nazirliyində Azərbaycan dili dərsliklərinin qiymətləndirilməsi və ekspertizasında ekspert və rəyçi kimi fəaliyyət göstərib.

2015-2016-cı illərdə Milli qiymətləndirmə çərçivəsində 6-8-ci siniflər üzrə Azərbaycan dili fənninə dair monitorinqdə qiymətləndirmə vasitələrinin hazırlanmasında işçi qrupunun üzvü olub. Respublika Fənn Olimpiadasında Azərbaycan dili fənni üzrə qiymətləndirmə vasitələrinin hazırlanmasında iştirak edib.

E.Nəcəfov dərslik və dərs vəsaitlərinin müəllifi, lüğətlərin tərtibçisidir. Təhsil Nazirliyinin və Təhsil İnstitutunun Avropa İttifaqı, UNICEF, BQXK, ANAMA və s. təşkilatlarla birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən bir çox layihələrdə layihə rəhbəri və koordinator kimi fəaliyyət göstərib.

TKTA tərəfindən inspeksiya olunmuş məktəblərdə metodik xidmətin təşkili və Məktəbin İnkişaf Planının (MİP) hazırlanmasının əsas icraçısı olub. ARTİ-də fəaliyyət göstərdiyi müddətdə metodiki xidmətlə bağlı bir çox məqalələrin və metodik vəsaitlərin müəllifidir.

O, bundan əvvəl Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri vəzifəsində çalışıb.

Ailəlidir, iki övladı var.