Ermənistanda Tavuş arxiyepiskopu Baqrat Qalstanyanın antihökumət aksiyalarının davam etdiyi bir vaxtda Nikol Paşinyanın siyasi komandası mayın 31-də erməni kilsəsi üzərinə daha çox vergi qoyulması məsələsini müzakirə edib.
Erməni kilsəsi və onun başçısı – katolikos II Qaregin mayın 7-də Ermənistanın Baş naziri Nikol Paşinyanın istefasını tələb edən etirazlara rəsmən xeyir-dua verib.
Paşinyanın siyasi müttəfiqləri hazırda Eçmiadzini siyasətə qarışmaqda ittiham edirlər. Ermənistan Milli Assambleyasının spikeri Alen Simonyan hələ mayın 21-də demişdi ki, erməni kilsəsinə də bütün başqa bizneslər kimi vergi qoyulmalıdır. Erməni kilsəsi hazırda gəlir vergisi və xaricdən aldığı mal və materiallar üçün gömrük rüsumu ödəyir. Kilsə yalnız mülkiyyət vergisindən azaddır.
Lakin parlamentin maliyyə və büdcə işləri komitəsinin sədri Tsovinar Vartanyan və onun partiyadaşları bildiriblər ki, Eçmiadzin üçün edilən bu güzəşt tezliklə ləğv oluna bilər: “Söhbət kilsənin idarə etdiyi minlərlə mülkdən gedir. Mən monastırlardan yox, kommersiya sahələrindən, ictimai sahələrdən, qonaq evlərindən danışıram. Hazırda bunları yoxlayırıq və düşünürəm ki, bu təşəbbüs məntiqi nəticə ilə bitəcək”.
Eyni zamanda Paşinyanın keçmiş şəxsi vəkili, hazırda Dövlət Vergi Xidmətinə başçılıq edən Rustam Badasyan bildirib ki, o hər bir erməni kilsəsində yandırılmaq üçün satılan şamlardan gələn qazanca 20 faiz əlavə dəyər vergisi (ƏDV) qoyulmasına tərəfdardır. Şam satışı Eçmiadzinin ən böyük gəlir sahələrindən biri sayılır.
Vartanyan vurğulayıb ki, yeni vergi planları hazırda ölkədə gedən siyasi proseslərlə bağlı deyil. Lakin şərhçilər bu hadisələrin bağlı olması barədə fikir yürüdürlər.
“AzPolitika.info”


Şərhlər