Almaniya onun Ukraynaya verdiyi silahlardan Rusiya ərazisindəki hərbi hədəflərin vurulması üzərindəki qadağanı qaldırıb. Bu barədə mayın 31-də Almaniya hökumətinin nümayəndəsi Şteffen Hebeşrayt məlumat verib. Nümayəndənin sözlərinə görə Berlinin mövqeyindəki bu dəyişiklik Rusiyanın bir neçə həftə bundan əvvəl Ukraynanın Xarkov vilayətində başladığı hücum əməliyyatları ilə bağlıdır.
Hebeşrayt vurğulayıb ki, beynəlxalq hüquqa görə Ukrayna özünü bu hücumlardan müdafiə etmək haqqına malikdir.
Almaniya kansleri Olaf Şolts bundan əvvəl dəfələrlə bəyan etmişdi ki, Almaniya silahlarından bilavasitə Rusiya ərazisinə zərbələr endirilməyəcəyinə dair Ukrayna ilə razılaşma mövcuddur. Kansler özünün də şəxsən belə zərbələrə tərəfdar olmadığını demişdi.
ABŞ, Fransa və Britaniyadan fərqli olaraq Almaniya Ukraynaya Rusiya ərazisinin dərinliklərini vura biləcək raketlər verməyib.
Bu arada Ukrayna prezidentinin mətbuat katibi Sergey Nikiforov “The Guardian” qəzetinə deyib ki, Birləşmiş Ştatlar Ukraynaya onun istehsalı olan raketlərlə Rusiya ərazisinə məhdud zərbələrin endirilməsinə icazə verib. Müxtəlif mənbələrə istinad edən media xəbərlərində deyilir ki, ABŞ Prezidenti Co Bayden Ukraynaya “Xarkov şəhərinin müdafiəsi məqsədilə” Amerika silahlarından Rusiya ərazisinin vurulması üçün istifadə olunmasına icazə verib.
“AzPolitika.info”


Şərhlər