“Geri dönüşü olmayan faciəli hadisələr baş verir”

“Ukrayna sərhədlərinə Avropa İttifaqı sərhədləri kimi baxılmalıdır”

Tanınmış rusiyalı siyasətçi, müxalif “Yabloko” partiyasının sədri Qriqori Yavlinski növbəti maraqlı məqaləsi ilə çıxış edib.

“AzPolitika” xəbər verir ki, Q.Yavlinski bu yazısında Ukraynadakı müharibədən çıxış yollarından söz açıb və qeyd edib ki, tezliklə atəşkəs əldə olunmalı və münaqişə iştirakçıları öz gələcklərini təhlükə altına qoymamalıdırlar.

Rusiyalı siyasətçi həmçinin, Ukarynanın Avropaya inteqrasiyasının qaçılmaz olduğunu vurğyulayıb və qeyd edib ki, Ukrayna-Rusiya sərhədi Avropa İttifaqı-Rusiya sərhədinə çevrilməlidir.

Məqaləni müəyyən ixtisarlarla təqim edirik: “İndi hərbi durğunluq və bu və ya digər şəkildə atəşkəslə bağlı danışıqların aparılması zərurəti barədə bəyanatlar getdikcə daha çox eşidilir. Bu, hələ dominant istiqamət olmasa da, bu cür qiymətləndirmələr daha çox yayılmağa başlayır.

Bəs, nə dəyişdi? Müharibənin alovlu tərəfdarlarını və “ədalət uğrunda döyüşçüləri” öz militarist ritorikalarını dəyişməyə nə vadar etdi? Ümid etmək istərdim ki, “qələbə sonluğu” tərəfdarları bu sonun nə qədər dəhşətli olacağını anlamağa başlayıblar...

Əslində, 2022-ci ilin payızından bəri döyüş meydanında praktiki olaraq heç nə dəyişməyib. Bu dövrdəki ərazi dəyişiklikləri kiçik, əhəmiyyətsiz oldu və Ukrayna tərəfinin xeyrinə olmadı. Bu qarşıdurmanın perspektivi də dəyişməz olaraq qaldı: hərbi əməliyyatların davam etdirilməsi heç kimə müsbət nəticə vəd etmirdi və etmir. Amma dəyişən ölənlərin sayıdır. İnsanlar hər gün ölür. Dağıntıların miqyası da artır...

Qərbin Ukraynaya dəstəyinin formatı və məzmunu da dəyişib. Daha çox qeyri-müəyyənliklər, ziddiyyətlər var. Kiyev və Qərb liderləri arasında son bəyanat mübadiləsi çaşdırıcı və məyusedicidir.

Bir sıra Qərb ölkələrində siyasi isteblişmentin silahlı münaqişə ilə bağlı mövqeyi getdikcə daha da aqressivləşir. Baxmayaraq ki, oradakı insanlar da müharibədən təngə gəliblər. Məhz buna görə də Avropa liderləri indi getdikcə daha çox hərbi əməliyyatların nəticəsizliyindən danışır və Aİ-nin Rusiya-Ukrayna münaqişəsi ilə bağlı siyasətinə yenidən baxmağa çağırırlar. Ukraynanı indiyə qədər olduğu kimi hərbi əməliyyatları davam etdirməyə sövq etmək əvəzinə, atəşkəs əldə etməyi təklif edirlər.

Üstəlik, indi Kremldə hərbi əməliyyatların dayandırılmasının mümkünlüyü müxtəlif formalarda müzakirə olunur. Aydındır ki, öz şərtləri ilə... Bu şərtləri müzakirə etməyə başlamalıyıq. Bütün danışıqlar bundan başlayır və burada söhbət etibardan getmir. Bu, sərt diplomatiyadır, aldanmaq şansını minimuma endirməyə yönəlmiş işdir. Bəli, bunu dəqiq kiminlə müzakirə etmək sualı var. Ancaq bu, ciddi şəkildə desək, bürokratik və aşıla bilən bir maneədir .

Hər hansı təminat əldə etmək üçün müzakirə çoxtərəfli olmalıdır - münaqişənin özü kimi. Moskva və Kiyev danışıqlarda iştirak etməlidir, eyni zamanda Vaşinqton, Aİ və yaxşı olardı ki, Çin.

Artıq hər kəsə aydındır ki, bu, ümumiyyətlə, ikitərəfli problem deyil və Ukraynanın sərhədləri Aİ-nin sərhədləri kimi müzakirə edilməlidir. Və bu, prinsipcə mühüm amildir. 2022-ci ilin mart-aprel aylarında İstanbulda yalnız iki tərəf arasında aparılan danışıqlar bu formatın perspektivsizliyini göstərdi. Bununla belə, münaqişənin əsas iştirakçısı olmadan aparılan danışıqlar daha da perspektivsiz və mənasızdır. Bütün müzakirələr Rusiyanın iştirakı ilə aparılmalıdır. Əks halda, heç nə alınmayacaq. Bu yaxınlarda İsveçrədə gözlənilən forum kimi Rusiyanın təmsil olunmadığı “sülh konfransları” təəssüf ki, heç bir ciddi müsbət nəticə verməyəcək.

Davam edən döyüşlərin hər günü insan həyatı bahasına başa gəlir. Ərazi məsələləri illərlə, onillərlə müzakirə oluna bilər, lakin qətlə yetirilən 12 yaşlı qızın həyatı heç vaxt geri qaytarıla bilməz. Bu qızın Xarkovdan və ya Belqoroddan olmasının heç bir əhəmiyyəti yoxdur!

Elə bir şərait yaranıb ki, hansısa mütləq ədalət uğrunda barışmaz mübarizə daha da böyük ədalətsizliyə gətirib çıxarır - insanlar ölür, uşaqlar ölür. Geri dönüşü olmayan faciəli hadisələr baş verir. Gələcəyimizi itirik”.

C.Məmmədov

“AzPolitika.info”