Menu

“Çin kimi güclü ölkə Putinin alətinə çevrilib” - Zelenski Çini “sancdı”, Pekin cavab verdi

03.06.2024, 17:39
“Çin kimi güclü ölkə Putinin alətinə çevrilib” - Zelenski Çini “sancdı”, Pekin cavab verdi

Çinin İsveçrədə keçiriləcək Ukrayna üzrə Sülh Sammitində iştirakdan imtinası və bunu Rusiyanın orada olmaması ilə izah etməsi rəsmi Kiyev tərəfindən hiddətlə qarşılanıb. Ukrayna rəhbərliyi hesab edir ki, bununla da Çin hakimiyyəti Rusiyanın maraqlarına xidmət edir və bu sammitin zəifləməsinə çalışır.

“AzPolitika” xəbər verir ki, Prezident Volodimir Zelenski xarici media nümayəndələrinin suallarını cavablandırarkən, Çinin ünvanına sərt ifadələr işlətməkdən çəkinməyib: “Rusiya təəssüf ki, Çinin regiona təsirindən, Çin diplomatlarından istifadə edərək, Sülh Sammitini pozmaq üçün hər şeyi edir. Təəssüf ki, Çin kimi güclü müstəqil ölkə Putinin əlində bir alətdir”.

Zelenski onu da əlavə edib ki, bu gün Ukraynanın Çinlə güclü əlaqələri yoxdur, çünki Pekin bunu istəmir.

Ukrayna prezidenti deyib ki, Çin digər ölkələrin də Sülh Sammitinə gəlməsinin qarşısını almağa çalışır. Onun sözlərinə görə, bu tədbiri pozmaqdan ötrü Çinin Rusiyaya necə kömək etdiyini görmək Ukrayna üçün “çox qəribə və ağrılıdır”.

Çin tərəfi isə çox keçmədən Zelenskinin açıqlamalarına cavab verib. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning deyib ki, Çin heç vaxt Rusiya-Ukrayna müharibəsinin “alovunu qızışdırmayıb”.

Onun sözlərinə görə, Çin hesab edir ki, bu münaqişədə sülhü dəstəkləməyə yönəlmiş bütün səylər tanınmalıdır. Eyni zamanda Mao əlavə edib ki, Çin Ukrayna ilə münasibətlərə böyük əhəmiyyət verir və onun ən böyük ticarət tərəfdaşı olaraq qalır. O, Çinin sülh konfransı ilə bağlı mövqeyinin “çox açıq və şəffaf” olduğunu da iddia edib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol