Türkmənistanda qadınların avtomobil idarə etməsinin bir qədər də çətinləşdiyi bildirilir. Yeni sürücülük vəsiqəsi almaq istəyən qadınlara qarşı tələblərin siyahısı artır.
Qeyd olunur ki, avtomobil öz adına qeydiyyata alınmayıbsa, müddəti bitdikdən sonra vəsiqəsini yeniləmək istəyən xanımlardan polis şöbəsi sənədləri qəbul etmir.
Türkmənistanda bir çox hallarda qadınların idarə etdiyi avtomobillər onların adına rəsmiləşdirilmir, qardaşlarının və ya ərlərinin adına qeydiyyatdan keçmiş nəqliyyat vasitələrini etibarnamə ilə sürürlər: "İndi onlar sürücülük vəsiqəsi almaq üçün maşınları öz adına keçirməli və ya yeni maşın almalıdırlar, əks halda, onlara yeni sənəd verilməyəcək".
Qadınların sürücülük vəsiqəsi alması üçün yaş həddi də dəyişməz qalır: 35 yaşına qədər sürücülük vəsiqəsi verilmir.
O da qeyd olunur ki, sürücülük vəsiqəsi almaq hər kəs üçün çətindir, problemi həll etməyin ən asan yolu rüşvətdir.
"Sürücülük vəsiqəsinin təzələnməsi ən azı 200-400 manata (57-115 dollar) başa gəlir", - sakinlərdən biri yerli problemləri işıqlandıran mediaya deyib.
Mənbə iddia edir ki, qadınlar üçün sürücülük vəsiqəsi almaqda mövcud çətinliklər tələb olunan rüşvətin miqdarına da təsir edir. Kişilər 4 min manat (1140 dollar) rüşvət ödəməklə sürücülük vəsiqəsi ala bilər, qadın isə 6-7 min manat (1700-2000 dollar) verməli olur.
“AzPolitika.info”


Şərhlər