Gürcüstanda “xarici agent qanunu”nun qəbulu ilə dərinləşən siyasi böhran davam edir.
“AzPolitika” xəbər verir ki, qonşu ölkənin Baş naziri İrakli Kobaxidze prezident Salome Zurabişvilini kəskin tənqid edib.
Baş nazir deyib ki, prezidentin müxalifətin birləşməsini və fəaliyyət planını, o cümlədən “xarici agentlər” haqqında qanunun ləğvini nəzərdə tutan “Gürcüstan Xartiyası”nın perspektivi yoxdur: “Əslində, Salome Zurabişvili özünün “Gürcüstan Xartiyası”nın köməyi ilə xarici agentlərin reyestrini yaradıb. Heç bir perspektivi olmayan bu qondarma xartiyanı imzalayan müxalifət partiyalarının siyahısını başqa cür təsvir etmək mümkün deyil”.
Onun sözlərinə görə, xartiyanı imzalayanlar “Gürcüstanın dövlətçiliyinə xələl gətirmək istəyirlər”: “Xarici agentlər müqaviləni rəsmiləşdirəndə onların yeganə planı dövlətin müstəqilliyinə xələl gətirməkdir”.
Qeyd edək ki, iyunun 3-də 17 müxalifət partiyası və 5 müstəqil deputat prezident Zurabişvilinin hazırladığı Gürcüstan Xartiyasını imzalayıb. Sənədi imzalayanlar arasında ən böyük müxalifət partiyası olan Vahid Milli Hərəkat da var.
Xartiya Gürcüstanın avropayönlü kursuna xələl gətirən qanunların və ilk növbədə “Xarici təsirin şəffaflığı haqqında” qanunun ləğvini nəzərdə tutur.
Sənəddə qeyd olunur ki, 2024-cü ilin oktyabrında “parlament seçkilərində qalib gəldikdən sonra” xartiyanın iştirakçıları bir neçə ay ərzində növbədənkənar parlament seçkiləri təyin etməyi öhdələrinə götürürlər. Zurabişvilinin sözlərinə görə, məhz həmin növbədənkənar seçki həqiqətən də “azad və ədalətli” olacaq.
“AzPolitika.info”


Şərhlər