Menu

“Vədlərinin hamısını yerinə yetirməyib” - Ukraynalılar Zelenski ilə bağlı hansı fikirdədir?

05.06.2024, 16:19
“Vədlərinin hamısını yerinə yetirməyib” - Ukraynalılar Zelenski ilə bağlı hansı fikirdədir?

Ukraynalıların 50%-i prezident Volodimir Zelenskinin seçki vədlərinin heç birini və ya çox hissəsini yerinə yetirmədiyi fikrindədir. 

“AzPolitika” xəbər verir ki, Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun 16-22 may tarixlərində keçirdiyi və bu gün dərc etdiyi sorğunun nəticələrində belə deyilir.

Respondentlərin 18%-i cavab verib ki, V. Zelenski verdiyi vədlərin əksəriyyətini və ya hamısını yerinə yetirib (onlardan 5%-i bütün vədlərin yerinə yetirildiyini deyir). 50% onun vədlərinin az hissəsini və ya heç bir vədini yerinə yetirmədiyinə əmindir (bunlardan 25%-i onun heç bir vədi yerinə yetirmədiyini deyir).

Zelenskidən narazı qalanların tam yarısı vədlərin yerinə yetirilmədiyinə görə onun özünü yox, komandasındakı “vicdansızları, korrupsionerləri” günahlandırır. Onların 32%-i vədlərin yerinə yetirilməməsini prezidentin komandasında səriştəli insanların olmaması, genişmiqyaslı işğal, təcrübəsizlik və oliqarxların təsiri ilə izah ediblər.

Rəyi soruşulanların daha 9-14%-i vədlərin yerinə yetirilməməsinə səbəb kimi Zelenskinin şəxsi korrupsiyasını, digər ölkələrin təsirini, müxalifətin vəziyyəti pisləşdirməsini və vədlərin qeyri-real olmasını göstərib.

Sorğunu keçirən mərkəzin direktoru Anton Qruşetski qeyd edib ki, açıq formada verilən əlavə suallarda respondentlər ən çox Donbassda müharibənin dayandırılması, korrupsiyaya qarşı mübarizə və əhalinin rifahının yaxşılaşdırılması kimi vədləri xatırlayırlar. 

O, hesab edir ki, respondentlər Zelenskinin seçki vədlərini yerinə yetirməsini qiymətləndirərkən bu məsələlər mühüm rol oynayıb: “Eyni zamanda, ukraynalılar prezidentin əsas uğurları kimi Rusiyanın təcavüzünün dəf edilməsindəki sabit iradəsini və müharibədə Ukraynaya dəstəyin gücləndirilməsinə yönəlmiş beynəlxalq fəaliyyətlərini göstərirlər”.

O, həmçinin izah edib ki, ukraynalılar əsasən Zelenskinin özünə (şəxsi keyfiyyətlərinə) deyil, onun ətrafına və ya komandasına diqqət yetirirlər. Xüsusilə, prezidentin uğursuzluqları ilə bağlı əlavə açıq sual verildikdə, insanlar ən çox Rusiyanın genişmiqyaslı işğalından, kadr siyasətindən və korrupsiya ilə mübarizədəki problemlərdən danışırlar: “Prezidentə cəmiyyət tərəfindən yüksək etimadın qaldığını nəzərə alsaq, müvafiq və şəffaf (ictimaiyyət üçün) kadr qərarları bu çətin dövrdə ictimai legitimliyi qorumağa kömək edəcək”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol