Moldova Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi, 2021-ci ildə vəzifəsini tərk edən İqor Qorqan Rusiya hərbi kəşfiyyatının – “QRU”-nun agenti olub.
“AzPolitika” xəbər verir ki, bunu “The Insider” nəşri Moldova jurnalistləri ilə birgə apardığı araşdırmanın yekunları üzrə hesabatında yazır.
Hesabat müəllifləri Qorqanın kuratorlarından biri, polkovnik Aleksey Makarovla “Telegram”-da yazışmalarını əldə ediblər. Onların qənaətinə görə, Qorqan Moldova Müdafiə Nazirliyindəki köhnə əlaqələri sayəsində hələ də “QRU” üçün vacib informator olaraq qalır.
Qorqanın nə vaxt agent kimi cəlb olunduğu bilinmir. “The Insider” bunun hətta 2004-cü ildə, Qorqanın NATO missiyasında xidmət etdiyi vaxt ola biləcəyini ehtimal edir.
O, polkovnik Makarovdan əvvəl Rusiyanın Kişinyovdakı hərbi attaşesi Vadim Uxnalevlə, sonra isə onun varisi İqor Dovbnya ilə əlaqə saxlayıb.
Qorqanın Makarovla təmaslarının 2022-ci ilin aprelində intensivləşdiyi iddia edilir. O, Moldovada daxili siyasi vəziyyətlə bağlı müşahidələrini, Ukrayna Müdafiə Nazirliyinin nümayəndələrinin silah əldə edilməsi üçün Moldovaya səfərləri ilə bağlı məlumatları ötürüb. Rusiya tərəfi Ukraynanın, o cümlədən Moldovadan hansı silahları alması ilə maraqlanıb. Qorqan Rusiyaya Ukraynanın BƏƏ-də bir şirkət adı altında altı MiQ-29 almağa çalışdığı barədə məlumatı da sızdırıb.
Əlavə edək ki, böyük ehtimalla sabiq Baş Qərargah rəisi uzun illər Rusiyaya işləyən yeganə keçmiş SSRİ respublikası Moldova deyil...
“AzPolitika.info”


Şərhlər