Müdafiə naziri general-polkovnik Zakir Həsənov Hərbi Hava Qüvvələrinin döyüş hazırlığını yoxlamaq məqsədilə Mərkəzi Komanda Məntəqəsində olub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov bildirib ki, ölkə prezidenti, Silahlı Qüvvələrin ali baş komandanı İlham Əliyevin tapşırığına əsasən Hərbi Hava Qüvvələrində qısa müddət ərzində döyüş hazırlığının yüksəldilməsi məqsədilə böyük işlər görülüb, Mərkəzi Komanda Məntəqəsi ən müasir avtomatik idarəetmə sistemlərilə təchiz edilib.
Məntəqədə yaradılan şəraitlə tanış olan müdafiə naziri Hərbi Hava Qüvvələri tərəfindən hava məkanındakı kəşfiyyat məlumatlarının toplanması, təhlili, o cümlədən qərarların vaxtında qəbul edilməsinin vacibliyini şəxsi heyətin diqqətinə çatdırıb.
General-polkovnik Zakir Həsənov Hərbi Hava Qüvvələrinin idarə edilməsi, iş bacarığının təkmilləşdirilməsi, modelləşdirmə proqramı əsasında Hərbi Hava Qüvvələrinin döyüş fəaliyyətlərini idarə edən heyətin praktiki vərdişlərinin artırılması, özünün və düşmən aviasiyasının, hava hücumundan müdafiə vasitələrinin imkanları, xüsusiyyətləri, döyüş tətbiqinin analiz edilməsi barədə Hərbi Hava Qüvvələri komandanlığı qarşısında tapşırıq qoyub.



Şərhlər