Bu gün Səbail rayon Məhkəməsinin qərarı ilə jurnalist Xədicə İsmayıl barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilib. X.İsmayıl Cinayət Məcəlləsinin 125-ci (öldürmə həddinə çatdırma) maddəsi ilə təqsirləndirilir.
Azad Avropa/Azadlıq radioları korporasiyasının baş redaktoru Nenad Pejic Xədicə İsmayılın həbsi barədə açıqlama yayıb. Açıqlamada deyilir: «Xədicə İsmayılın saxlanması və həbsi Azərbaycanda hökumət aparatında korrupsiya və insan haqları pozuntularını araşdıran jurnalisti susdurmaq üçün iki ildir davam edən kampaniyanın nəticəsidir. Bu gün ona biabırçı ittihamlar irəli sürülüb. Xədicə jurnalist fəaliyyətinə görə cəzalandırılır».
Xədicə İsmayılın həbsini siyasi partiyalar da pisləyəiblər. Azərbaycan Xalq Cəbhəsi, Müsavat, Ümid və Aydınlar partiyaları artıq bəyanat yayıblar.
AXCP Xədicə İsmayıla qarşı ittihamları və onun barəsində seçilən həbs-qətimkan tədbirini şiddətlə pisləyib. AXCP-nin bəyanatında həmçinin bildirilir ki, partiya Xədicə İsmayıla qarşı seçilən addımı birmənalı olaraq ədalətsiz və qərəzli sayır. Partiya bəyan edir ki, Xədicə İsmayıla yönələn ittihamlar qurama olmaqla yanaşı, hakimiyyətin siyasi sifarişidir. AXCP bütün cəmiyyəti, vicdanlı insanları Xədicə İsmayılın müdafiəsinə səsləyir, bu cür cəsur və peşəkar insanların qorunmasının vacibliyini bəyan edir. Partiya eyni zamanda tanınmış ictimai xadim və jurnalistin həbsinə qərar verənləri bu barədə bir də düşünməyə çağırır.
"Tənqidçi səslərə, xüsusən də qadınlara qarşı bütün hədləri aşan qisasçılıq heç bir halda hakimiyyətə uzun ömürlülük və hörmət qazandırmayacaq", - deyə bəyanatda bildirilir.
Müsavat Partiyası da jurnalist Xədicə İsmayılın həbs edilməsiylə bağlı bəyanat yayıb. Bəyanatda bildirilir ki, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin son yazısından sonra Azərbaycanın hüquq-mühafizə orqanlarının yeni bir cinayət uyduraraq jurnalist X.İsmayılı 125-ci maddə ilə həbs etməsi Azərbaycanın qanunlarla deyil, tapşırıqlarla idarə olunduğunu bir daha təsdiqləyir.
Müsavat Partiyası Xədicə İsmayılın həbs edilməsinin hakimiyyətin azad sözə qarşı dözümsüzlüyü kimi qiymətləndirib, bu qanunsuzluğu pisləyib və jurnalistin dərhal həbsdən azad olunmasını tələb edib.
Ümid Partiyası jurnalist Xədicə İsmayılın həbsi ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir ki, partiya Xədicə İsmayılın həbsindən təəssüflənir və bu həbsi azad sözə, müstəqil fikrə qarşı basqı hesab edərək hakimiyyəti bu kampaniyaya son qoymağa çağırır: "Xədicə İsmayılın həbsi KİV azadlığına ciddi zərbə vurmaqla yanaşı müstəqil fikrli insanları qorxutmaq məqsədi güdür, Azərbaycanda söz və mətbuat azadlığının səviyyəsini nümayiş etdirir. Hakimiyyət bu həbsləri dərhal durdurmalı, həbs edilən vətəndaş cəmiyyəti nümayəndələrini, mətbuat işçilərini, bütövlükdə isə siyasi məhbus hesab edilən şəxsləri dərhal, qeyri-şərtsiz azad etməlidir".
Aydınlar Partiyası Azadlıq radiosunun əməkdaşı Xədicə İsmayılın həbs edilməsini pisləyən bəyanat yayıb. Bəyanatda bildirilir ki, X.İsmayılın həbsi hökumətin azad sözü və ifadə azadlğının təqib siyasətindən əl çəkmədiyini göstərir: “Heç bir əsas olmadan xanım jurnalist haqqında həbs-qəti imkan tədbirinin seçilməsi ifadə azadlığına böyük təhdiddir".
Aydınlar Partiyası hakimiyyətdən ölkə qanunlarına əməl etməsini və X.İsmayılın dərhal azadlığa buraxılmasını tələb edir.
VAQİF
AzPolitika.info


Şərhlər