Rusiya qoşunları çərşənbə günü gecə müxtəlif növ silahlardan istifadə etməklə Ukrayna paytaxtına hücum edib.
“AzPolitika” xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi İdarəsi bildirib. Administrasiyanın rəhbəri Sergey Popkonun sözlərinə görə, rus ordusu X-101, X-555, X-55 qanadlı raketləri ilə Cənubdan Kiyevə zərbələr endirib.
“Demək olar ki, raketlərlə eyni vaxtda hücum pilotsuz təyyarələri Cənub istiqamətindən Kiyevə doğru istiqamətləndirilib. Düşmən paytaxta da ballistik raketlər atıb”, - Popko əlavə edib.
Ukrayna ordusu Kiyev səmasında bütün hava hədəflərini vurduğunu bildirib. Ukrayna Milli Polisi Kiyev vilayətində raket və pilotsuz təyyarələrin birgə hücumu nəticəsində ən azı bir nəfərin yaralandığını açıqlayıb. Vurulmuş raketin qalıqları düşməsi müəssisələrdən birində yanğına səbəb olub.
Gün ərzində Ukraynanın hər yerində genişmiqyaslı hava hücumu xəbərdarlığı elan edilib.
Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanı Nikolay Oleşçuk bildirib ki, HHM sistemləri 30 hava hədəfindən 29-unu, o cümlədən “Kinjal”ı, dörd qanadlı raketin hamısını və 24 pilotsuz təyyarəni vura bilib.
Oleşçuk aydınlaşdırıb ki, hava hücumundan müdafiə sistemləri Kiyev, Dnepropetrovsk, Zaporojye, Poltava, Xarkov və Vinnitsa vilayətlərindəki hədəfləri də vurub.
“The New York Times” çərşənbə günü yazır ki, ABŞ tezliklə ikinci “Patriot” hava hücumundan müdafiə sistemini Ukraynaya təhvil verəcək. Nəşrin mənbələrinə görə, bu barədə qərarı Prezident Co Bayden keçən həftə qəbul edib. “Patriot” batareyası yəqin ki, yaxın günlərdə Polşadan gələcək.
Çərşənbə axşamı günü Almaniyanın müdafiə naziri Boris Pistorius Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşündə Almaniyanın Danimarka, Hollandiya və Norveçlə birgə təşəbbüsün bir hissəsi olaraq Ukraynaya “Patriot” sistemləri üçün əlavə 100 raket ötürdüyünü bildirib.
Rusiya tərəfi Ukrayna paytaxtına endirilən raket zərbələrini şərh etməyib.
Rasim Əliyev
“AzPolitika.info”


Şərhlər