Menu

"Şuşa Bəyannaməsi birliyimizi bütün dünyaya göstərdi" - Emin Hacıyev

13.06.2024, 13:38
"Şuşa Bəyannaməsi birliyimizi bütün dünyaya göstərdi" -  Emin Hacıyev

"Bu gün Azərbaycan və Türkiyə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoyan Şuşa Bəyannaməsinin imzalanmasından 3 il ötür. Bu tarixi sənədin imzalanması ilə bütün dünya bir daha birliyimizin və həmrəyliyimizin şahidi oldu".

Bu fikirləri "AzPolitika.info"-ya açıqlamasında millət vəkili Emin Hacıyev bildirib.

Şuşa Bəyannaməsinin əhəmiyyətindən danışan deputat, sənədin bir çox sahələrdə Azərbaycan və Türkiyə arasında əlaqələri gücləndirdiyin vurğulayıb: "Eyni zamanda qeyd etmək istərdim ki, ölkələrimiz arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması qarşılıqlı münasibətlərin bütün sahələrdə davamlı inkişafını təmin edir. Bu əlaqələr beynəlxalq arenada birgə əməkdaşlıq, siyasət, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələri əhatə edir.

Onu da bildirmək lazımdır ki, bu bəyannamə ölkələrarası münasibətləri tənzimləməklə yanaşı regionda əhatəli inteqrasiya proseslərinə yol açır. Burada nəzərdə tutulan regional əhəmiyyət daşıyan iqtisadi layihələr və bütün digər müstəviləri əhatə edən təşəbbüslər ölkəmizin beynəlxalq nüfuzunu artırır. Bəyannamədə qeyd olunan məsələlərdən biri olan qarşılıqlı investisiya qoyuluşu hər iki ölkənin iqtisadiyyatının dinamik inkişafına və strateji sahələrin təkmilləşdirilməsinə təkan verən amildir".

"Sənəddə qeyd olunan növbəti mühüm məsələlərdən biri isə hər iki ölkənin xaricdə yaşayan icmaları arasında informasiya mübadiləsini artırmaq və diplomatik səyləri birləşdirməkdir. Beynəlxalq aləmdə daha səmərəli fəaliyyət göstərmək və ölkə həqiqətlərini bütün dünyaya çatdırmaq üçün birgə addımların atılması mühüm əhəmiyyət kəsb edir. Hər iki ölkənin diasporları arasında ikitərəfli əməkdaşlığın bütün parametrlər üzrə inkişaf etdirilməsi, həmçinin diplomatiya istiqamətində ikitərəfli əlaqələrin genişləndirilməsi beynəlxalq fəaliyyətimizin gücləndirilməsinə müstəsna töhfə verəcəkdir" - deyə, E.Hacıyev vurğulayıb .

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol