“Nəhayət ki, Azərbaycan Dəmir Yollarının (ADY) 2019-cu ildən gözlədiyi “Stadler” qatarları İsveçrədən gəlib çıxıb. Xatırlayıram ki, o zaman 10 “Stadler” qatarının alınması ilə bağlı ADY ilə İsveçrənin “Stadler Rail Group” şirkəti arasında müqavilə bağlanmışdı”.
“AzPolitika” xəbər verir ki, bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib.
“ADY açıqlama yayıb ki, gətirilən qatarlardan biri Bakı–Ağstafa–Bakı marşrutuna daxil ediləcək və reyslərin sayı artırılacaq. Güman ki, Bakı–Qəbələ marşrutunda belə qatarlara ehtiyac olmayacaq. Çünki öncədən də bilinirdi ki, yeni dayanacaqlar açılsa da bu istiqamət üzrə tələbat yetərli deyil”, - ekspert əlavə edib.
Bəs qalan qatarlar harada işləyəcək ?
O.Gündüz bildirir ki, maraqlı məqam da burasındadır, 5 ildir daha çox tələbat olan aşağıdakı daxili marşrutlar işləmir:
Baki - Balakən;
Bakı - Astara;
Bakı - Qazax;
Bakı - Böyük Kəsik;
Bakı - Yalama.
Ekspert vurğulayır ki, ciddi tələbat olan bu istiqamətlər üzrə sərnişindaşımanın nə zaman bərpa olunacağını ADY hələlik açıqlamayıb: “ADY-nin fəaliyyətsiz olduğunu da qeyd etmək ədalətsizlik olardı. Hazırda ADY-nin qazancı ancaq yükdaşımadan çıxır. Odur ki, diqqət yetirdikdə görünür ki, bu qurumda yükdaşıma prioritetdir və resurslar da bu istiqamətdədir. Daxili marşrutların təmiri, infrastrukturun bərpası isə böyük resurslar, investisiyalar tələb edir. Hökumət ADY-yə yetərli subsidiya vermir. Güman ki, yükdaşımadan gələn gəlirlə ADY ancaq özünü və mövcud infarstrukturu saxlaya bilir. Beləcə də 5 ildir ki, daxili marşrutları, rayon stansiyalarını ot basıb”.
“Görünən odur ki, əvvəllər sərnişindaşıma üçün keyfiyyətli qatarlarımız yox idi, indi isə əla vəziyyətdə qatarlarımız var, amma onların işləyəcəyi infrastruktur yoxdur, daxili dəmir yol xətləri bərbad gündədir” - O.Gündüz bildirib.
Rasim Əliyev
“AzPolitika.info”


Şərhlər
Növbəti dəfə bir bəhanə tapıb külli miqdarda dövlət vəsaiti xərclənərək həzmi-rabedən keçirildi. Guya Bakı - Tbilisi - Qars xətti üçün Stradler şirkətindən satın alınan bahalı sərnişin vaqonları da qalıb vağzalın ehtiyat yollarında. Yəni bütün bunlar son nəticədə xalqın rahatlığını təmin etməyə yox, bir ovuc adamın daha da varlanmasına gətirib çıxardı.