Belə görünür ki, Rusiyanın nüvə şantajları öz “bəhrəsini” verməyə başlayır. Artıq Qərb ölkələri də Rusiya ilə “zarafat etmədiklərini” və bu şantaja boyun əyməyəcəklərini nümayiş etdirmək qərarına gəliblər.
“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, NATO öz nüvə silahını hazır vəziyyətə gətirmək üçün addımlar atmağa başlayıb. NATO Baş katibi Yens Stoltenberq “The Telegraph” qəzetinə müsahibəsində deyib ki, NATO Rusiya və Çinin artan təhdidləri qarşısında daha çox nüvə silahını hazır vəziyyətə gətirmək üçün danışıqlar aparır. Onun dediyinə görə, Alyans düşmənlərinə birbaşa siqnal göndərmək üçün öz nüvə arsenalını bütün dünyaya nümayiş etdirməlidir.
O, bildirib ki, raketlərin anbardan çıxarılması və döyüş hazırlığına gətirilməsi ilə bağlı NATO üzvləri arasında birbaşa məsləhətləşmələr aparılır: "Mən neçə nüvə başlığının hazır vəziyyətə gətirilməsi və nə qədərinin saxlanması barədə əməliyyat təfərrüatlarına varmayacağam. Lakin bu məsələlərlə bağlı məsləhətləşmələr aparmalıyıq və biz bunu edirik. Əlbəttə, NATO-nun məqsədi nüvə silahı olmayan bir dünyadır, lakin nüvə silahı var olduqca, biz nüvə ittifaqı olaraq qalacağıq. Çünki Rusiya, Çin və Şimali Koreyanın nüvə silahına malik olduğu, NATO-nun isə olmadığı bir dünya daha təhlükəli dünya olardı”.

O, həmçinin Çindən gələn təhlükə ilə bağlı ciddi xəbərdarlıq edərək, Çinin xüsusilə nüvə arsenalına böyük sərmayələr yatırdığını və onların sayının 2030-cu ilə qədər 1000 döyüş başlığına çatacağını söyləyib: “Bu o deməkdir ki, NATO yaxın gələcəkdə heç vaxt qarşılaşmadığı bir şeylə, yəni nüvə qüvvələrinə malik iki potensial düşmənlə – Çin və Rusiya ilə qarşılaşa bilər”.
“The Telegraph” yazır ki, ABŞ və Böyük Britaniya öz nüvə silahlarını NATO-ya verib, digər Avropa müttəfiqləri isə nüvə silahını öz ərazilərində saxlayır və onları işə salmaq üçün sistemlərə sərmayə qoyurlar. Qeyd olunur ki, operativ nüvə silahlarının sayı əsas etibarilə məxfi saxlanılır, lakin Böyük Britaniyanın istənilən vaxt 225 nüvə başlığından 40-a yaxınını dərhal işə sala biləcəyi məlumdur. Eynilə də ABŞ-nin malik olduğu 3700 başlıqdan təxminən 1700-ü dərhal hazır vəziyyətə gətirilə bilər.
Göründüyü kimi, Rusiya özündən razı halda Ukraynaya qarşı başlatdığı işğalçılıq müharibəsindəki uğursuzluğu və başıpozuqluğu nəticəsində bütün dünyanı nüvə kollapsı təhlükəsilə üz-üzə qoyub. NATO isə, nəhayət, nüvə şantajından çəkinmədiyini və cavab verməyə hazır olduğunu nümayiş etdirmək mərhələsinə qədəm qoyub. Bunu hazırda davam edən Ukrayna müharibəsinin yeni və daha təhlükəli mərhələsi hesab etmək olar.

Genişmiqyaslı müharibə başlayandan sonra Rusiya Ukraynaya bu və ya digər yardımlara görə dünyanı dəfələrlə nüvə silahı ilə təhdid edib. Bu il fevralın sonunda Putin Ukraynaya qoşun göndərəcək ölkələri “faciəli nəticələrlə” hədələmiş, bəşəriyyətin məhvi demək olan nüvə müharibəsinin "real təhlükəsindən" danışmışdı. Bu ritorikasını tez-tez təkrarlayan Putin bir tərəfdən Rusiya ordusunun acizliyini ört-basdır etməyə, digər yandan isə nüvə şantajı ilə Ukrayna və Qərbdən güzəştlər əldə etməyə çalışır. Onun bu “dahiyanə siyasəti”nə Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedev və Kreml təbliğatçıları kimi qeyri-adekvat “personalar” “züy tutmaqla” məşğuldurlar. Rusiya cəmiyyəti isə özünü bütün hissiyyatını və instinktlərini itirmiş, nüvə təhdidinin iki başının olduğunu və mümkün nüvə müharibəsinin rusiyalılar üçün də kütləvi qırğınlarla nəticələnəcəyini görmürmüş kimi aparır. Sanki anlamır ki, qarşılıqlı nüvə zərbələri olacağı təqdirdə, Kremldəkilərin gizlənməyə bunkerləri olacaq, Rusiya təbliğatından və imperiyaçılıq mərəzindən xoşhallanan kütlənin böyük hissəsi isə bu zərbələrin bütün faciələrini öz üzərilərində hiss edəcəklər.
C.Məmmədov
“AzPolitika.info”

Şərhlər
Serbiya Prezidenti Aleksandr Vuçiç-"Qərbdə insanlar Putini qiymətləndirməyi bacarmır". Erdoğan isə bunu Rusiya Ukrayna müharibəzə yenicə başlayyanda demişdi ki, " Qerb Putini yəni Rusiyanı hafifə almamalı idi" . Tarixdə sınaqdan çıxmış bir deyim də var ki, düşməninin gücünü küçümsəyən məhvə məhkümdur. Bu gün tarix iki qütbün Qərb və Rusiyanın qarşı-qarşıya gəlməsindən, üçüncü dünya müharibəsinə hamilədir və sanki hər kəs bunun doğulmasını istəyən kimi görünür. Amma anlamırlar ki, bu müharibə o müharibələrdən olmayacaq. Bu müharibədə hər iki tərəf məğlub olmamaq üçün, illərdir istifadə etdmədikləri nüvə başlıqlarını işə salmağa məcbur qıaıcaqlar. Yəni mənə qalmayan dünya, məndən sonra heç kimə qalmasın prinsipi ilə . Məhz Serbiya Prezidenti Aırksandr Viçiç də bunu demək istəyir.
Artıq doğurdanda bu yramazlar nüvə ilə zərafat edirlər,Allah bu dünyanı canlılar üçün yaratdı,bu canlıların Əşrəfi isə insanlardır,qədim kahinlərdən kimsə deyib,yer üzünü insanlar dağıdacaq,yəni dünyanın axirəti insanların əlindədir.
Rusiyanın endirdiyi nüvə zərbəsinə qarşılıq verilməsi böyük axmaqlıq olar. Məcbur sülhə getməlidirlər,O sənə ,bu sənə,bu axmaqlar nə düşünür ? Qoy Paris dağılsın,amma bir Paris dağıldı deyə bütün dünyanı məhv etmək ağıl işi deyil. Bunun başqa yolu yoxdur,var olduğunu söyləyən buyursun