Böyük Britaniya və ABŞ arasında Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı kəskin fikir ayrılığı yaranıb.
“AzPolitika” xəbər verir ki, “The Telegraph” belə bir məlumatla çıxış edib.
Xəbərdə deyilir ki, ABŞ iyulda Vaşinqtonda keçiriləcək sammitdə Ukraynaya NATO-ya üzvlüklə bağlı yeni zəmanətlər vermək planlarından narahatdır. Böyük Britaniya isə sammitdə qəbul ediləcək birgə bəyanatda bəzi Avropa ölkələrinin Ukraynanın NATO-ya üzvlüyünü “dönməz” adlandırmaq təklifini dəstəkləyib.
ABŞ-nin fikrincə, NATO-nun birgə bəyanatında Ukraynanın alyansa üzvlüyü ilə bağlı konkret ifadələrdən yayınmaq, heç bir tarix göstərməmək lazımdır. Yalnız ümumi ifadələrdən istifadə edilməlidir.
ABŞ rəsmiləri hesab edirlər ki, Ukraynanın NATO-ya qoşulma yolunu “dönməz” kimi təsvir etmək bəzi üzvlər, o cümlədən Macarıstan üçün qəbuledilməz ola bilər.
Nəşr yazır ki, bəzi NATO üzvləri iyul ayında keçiriləcək iclasda Ukraynanın üzvlüyünün "sürətləndirilməsi" ideyasını dəstəkləyir və bu, Kiyevə onun NATO-nun kollektiv müdafiə bəndi ilə müdafiə olunacağına daha çox əminlik verəcək.
Xatırladaq ki, NATO-nun 2023-cü ildə Vilnüsdə keçirilən sammitində üzv ölkələr “Ukraynanın gələcəyi NATO-dadır” mövzusunda razılaşsalar da, onun qəbulu üçün son tarix təyin etməkdən imtina etmişdilər. Ukrayna Prezidenti Volodimir Zelenski buna sərt təpki vermişdi.
Nəşr qeyd edib ki, görünür, builki sammitdə də tarix müəyyən edilməyəcək, lakin üzvlər tərəfindən Ukrayna üçün yeni təhlükəsizlik zəmanətləri olacaq.
“AzPolitika.info”


Şərhlər