Dünən hazırkı ABŞ prezidenti Co Baydenlə yenidən bu vəzifəyə yiyələnmək istəyən Donald Tramp arasında keçirilən ilk seçkiöncəsi debatın nəticələri Demokratlar Partiyasını və onun tərəfdarlarını çox məyus edib.
“AzPolitika” xəbər verir ki, ABŞ KİV-lərinin hazırda ən başlıca mövzusu Baydenin namizədliyinin geri götürülməs və Demokratlar Partiyasının yeni namizədlə seçkiyə getməsi perspektividir. Məsələn, “Politico” nəşri yazır ki, Demokratların əksər donorları məlum teledebatdan sonra Baydenin seçkidən çəkilməli olduğu fikrindədir. Çünki Bayden bu debatda “bərbad” görünüb: “Yeganə müsbət cəhət odur ki, bu, oktyabrda deyil, iyunda baş verib”.
Yəni, demokratların vəziyyəti düzəltməyə, yaxud Baydeni başqa namizədlə əvəz etməyə müəyyən vaxtı qalır.
“The New York Times” isə yazır ki, Baydenin performansı onun aktiv və rəqabətli kampaniya apara bilməsi ilə bağlı şübhələri artırdı. Partiyadakı mənbələrdən biri deyib: “Partiyalar qalib gəlmək üçün mövcuddur. Bu gün Trampla səhnədə olan şəxs(Bayden-red.) qalib gələ bilməz..."
Daha sonra qəzet yazır: “ABŞ prezidenti Co Bayden Donald Trampla debatda namizədliyi üçün yeni impuls yaradacağına və seçicilər arasında dəstəyini artıracağına ümid edirdi, lakin onun zəif və qeyri-ardıcıl performansı Demokratlar arasında çaxnaşma dalğasına səbəb oldu və onun namizəd olub-olmaması ilə bağlı müzakirələri təzələdi”.
Lakin Baydenin məsləhətçiləri onun yarışdan çıxması ilə bağlı hər hansı perspektivi rədd edirlər. Belə ki, Baydenin yerinə mümkün namizəd kimi qəbul edilən vitse-prezident Kamala Harris onu müdafiə edərək deyib ki, amerikalılar Baydenin hakimiyyətdə olduğu müddətdə ölkə üçün nələr əldə etdiyinə diqqət yetirməlidirlər, debatdakı çıxışlarına yox. Əslində, bununla Xarris də etiraf etmiş olub ki, Bayden debatı biabırçılıqla uduzub.
“AzPolitika.info”


Şərhlər