Adil Abış oğlu Əliyev Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

"Azpolitika" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq Sərəncam imzalayıb.

Suraxanının əvvəlki icra başçısı Əziz Əzizov isə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Qeyd edək ki, Adil Əliyev 1969-cu il sentyabrın 25-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Maxta kəndində anadan olub.

1987-ci ildə Bakı idman təmayüllü internat məktəbini bitirib. 1992-ci ildən idman ustasıdır. 1992-ci ildə Rusiya Federasiyasının Sank-Peterburq şəhərindəki M.V.Frunze adına Hərbi Akademiyanı bitirib.

1998-ci ildə Daxili İşlər Nazirliyinin Polis Akademiyasını başa vurub.

2000-ci ildən Azərbaycan Kikboksinq Federasiyasının prezidentidir.

2004-cü ildə Bakı Dövlət Universitetində magistratura və 2010-cu ildə aspirantura təhsili alıb.

2009-cu ildə Kikboksinq üzrə veteranlar arası dünya çempionu olub.

9 aprel 2013-cü ildə hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.

20 saylı Nərimanov II seçki dairəsindən 2005-ci ildə III çağırış, 2010-cu ildə IV çağırış və 2015-ci ildə V çağırış Milli Məclisin deputatı seçilib.

2005–2010-cu illərdə Milli Məclisin Təhlükəsizlik və Müdafiə məsələləri daimi komissiyasının üzvü, Azərbaycan-Niderland parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun rəhbəri, Azərbaycan-Rusiya, Azərbaycan-Ukrayna, Azərbaycan-Almaniya və Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun üzvü olub.

10 mart 2020-ci ildə Adil Əliyev Milli Məclisin sədr müavini seçilib.

10 mart 2020-ci ildə Adil Əliyev Azərbaycan Respublikası Milli Məclisi Gənclər və idman komitəsinin sədri seçilib.

Ailəlidir, üç övladı var.

***

13.55

Xəbər verdiyimiz kimi, səlahiyyət müddəti başa çatmış Milli Məclisin vitse-spikerlərindən birinin icra başçısı təyin olunacağı gözlənilir.

 “AzPolitika.info” dəqiqləşdirib ki, bu şəxs Adil Əliyevdir.

Saytımızın əldə etdiyi mlumata görə, Adil Əliyev Bakının Suraxını rayonunun İcra Hakimiyyətinin başçısı təyin olunub.  Bu barədə Prezident Sərəncamının yaxın vaxtlarda elan olunacağı gözlənilir.

Suraxını rayonunun İcra Hakimiyyətinin indiki başçısı Əziz Əliyev isə Beylaqana icra başçısı göndərilir.  

Qeyd edək ki,  Adil Əliyev "musavat.com"-a açıqlamasında yazılanlara bu cür reaksiya verib: "Rəsmi xəbər olmadığı halda bir söz deyə bilmərəm".

***

10.07

Artıq səlahiyyət müddəti başa çatmış Milli Məclisin vitse-spikerinin Bakının rayonlarından birinə icra başçısı təyin olunacağı gözlənilir.

“AzPolitika.info”-ya daxil olan məlumata görə, bu barədə Prezident sərəncamı tezliklə elan olunacaq.

Məlumatda təyinat gözləyən vitse-spikerin kimliyi dəqiqləşdirilmir, amma çox böyük ehtimalla, bu Adil Əliyevdir.

Qeyd edək ki, 1 sentyabr növbədənkənar parlament seçkilərində formalaşdırılacaq Milli Məclisin tərkibində olduğu kimi, sədarətində də yenilənmə olacağı ehtimalı böyükdür.

“AzPolitika.info”