Gürcüstan statistika qurumu əmək haqqı səviyyəsi ilə bağlı maraqlı rəqəmlər açıqlayıb.
“AzPolitika” xəbər verir ki, ölkədə aylıq maaşı 25,5 min dollar çox olan (Azərbaycan manatı ilə 43 min manatdan çox) 1100 nəfər muzdlu işçi var və bunun üçdə biri 35 min dollardan çox (60 min manatdan artıq) aylıq məvacibə qol çəkir.
Ümumilikdə 25 min nəfərə yaxın işçinin aylıq maaşı 4,4 min dolların üzərindədir.
345 min nəfərin aylıq maaşı 450- 900 dollar, 300 min nəfərin aylıq əmək haqqı isə 360 dollardan aşağıdır.
Gürcüstanda muzdlu işşilərin ümumi sayı 1,3 milyon nəfərə yaxındır.
Ölkə üzrə orta maaş 700 dollardan bir az yüksəkdir.
İqtisadçı Rövşən Ağayev bildirir ki, Azərbaycanda belə açıq statistika yoxdur: “Yalnız ildə bir dəfə noyabr ayı üzrə işçilərin maaş səviyyəsinə görə xüsusi çəkisi əsasında rəqəmlər açıqlanır və mütləq rəqəmlər olmadığı üçün dolayı hesablamalarla rəqəmləri görmək olur. Məsələn, 2022-ci ilin statistikasına görə, yuxarı interval 1700 manat (1000 dollar) götürülür və bu səviyyədən yuxarı məvacib alanların bütün işləyənlərin 6,7%-i qədər olduğu bildirilir. Amma bu təbəqənin içərisində 50-60 min maaş alanların sayı gizli saxlanılır. Halbuki bizdə maliyyə sektorunda, dövlət şirkətlərində belə məbləğlər var”.
Ekspert vurğulayır ki, büdcə təşkilatlarında və publik hüquqi şəxslərdə aylıq 10-20 min manat maaş təcrübəsi daha geniş yayılıb.
“Amma bunların çoxu məvacib kimi yox, əlavə və mükafatlar kimi rəsmiləşdirildiyi üçün aylıq maaşın real həcmi barədə qeyri-müəyyən mənzərə yaranır”, - o, vurğulayıb.
Rasim Əliyev
“AzPolitika.info”


Şərhlər