Yeni Azərbaycan Partiyası (YAP) qarşıdakı 3 gün ərzində 1 sentyabrda keçiriləcək parlament seçkilərində iştirak edəcək namizədlərinin siyahısını açıqlayacaq.
“AzPolitika” xəbər verir ki, hakim partiyanın namizədləri ilə bağlı müzakirələr yekunlaşmaq üzrədir.
Qeyd olunur ki, hazırkı deputat korpusunda ciddi dəyişikliklər gözlənilir, paytaxtda və iri şəhərlədə YAP yeni simaların namizədliyini irəli sürəcək. Hakim partiyanın və ümumilikdə parlament tərkibinin təxminən 30-40 faiz yenilənəcəyi gözlənilir.
Mərkəzi Seçki Komissiyasının (MSK) dünən açıqladığı məlumata görə, cəmi 156 şəxs namizədliyini irəli sürmək üçün Dairə Seçki Komissiyalarına müraciət edib. Bu, seçkilərə 50 gün qaldığı müddətdə olduqca kiçik göstəricidir.
Məlumdur ki, millət vəkili seçilmək arzusunda olan bitərəflər, hətta özünü müxalifət adlandıran bəzi partiyaların nümayəndələrinin əksəriyyəti YAP-ın namizədlərinin açıqlanmasını gözləyir. Bu zaman hansı seçki dairələrində hakimiyyət üçün prinsipial, yaxud “qurbanlıq” namizədlər olduğunu təxmin etmək mümkün olacaq. Seçki yarışı, bitərəf namizədlərin təbirincə desək, hakim partiyanın “boş buraxdığı” dairələrdən seçilmək uğrunda gedəcək.
Bəzi iddialı şəxslərin “səhhətim yaxşı deyil, həkimin rəyindən sonra qərarımı verəcəm”, “namizəd olmaq istəyirəm, amma qəti qərar hələ verməmişəm”, “yaxın günlərdə bir qərarım olacaq” tipli açıqlamaları da YAP-ın siyahısının açıqlanmasına hesablanmış bəhanələrdir. Əsas gözlər iqtidar partiyasının namizədlər siyahısı ilə bağlıdır.
Qeyd edək ki, YAP ötən seçkilərdə Milli Məclisdə 68-75 deputatla təmsil olunub. Hakim partiya üçün prinsipial məsələ əsas qanunların qəbul olunması üçün tələb olunan 63 səsə malik olmaqdır. Bu, hakimiyyət üçün vacib baryerdir, onun təmin olunmasından sonra qalan seçki dairələrində partiya rəhbərliyinin məqbul bildiyi müstəqil namizədlərə şərait yaradılır.
Rasim Əliyev
“AzPolitika.info”

Şərhlər
Seçim var ki.seçki olsun?Məlumatlar Məzahirə verilən siyahidən kənara çıxa bilməz!Bu YAP-a aid məsələdir. Şəffaf olanı seçici rəyi yox,əvvəlcədən hazırlanmış siyahidir!Bu 60 ildirr belədir.
Sözün açığı bu yazını oxuyandan sonra sevincimdən gecəni yata bilməmişəm, səhərə kimi şıllaq atmışam. Bildiyim qədər seçki polittexnologiyası adlı bir elm var. YAP aparıcı qüvvə olaraq öz üstünlüyünü Parlamentdə təmin etməlidir. Bunu normal hal kimi qəbul etmək lazımdır. Lakin seçkinin adını şəffaf, demokratik adlandırıb həyasızlıqla məşğul olmalarını anormal hesab edirəm. Bəlkə də Azpolitika bu yazını vermədi. Verməsə belə ürəyimi boşaltmalıyam. Tanıdığım kifayət qədər savadlı, hüquq təhsilli, Parlament təcrübəsini tam mənimsəmiş bir gənc namizədliyini verməkdən ötrü YAP ideoloqlarından razılıq alandan sonra, yəni onların xeyir-duası nəzərdə tutulur, ondan sonra “seçki” marafonuna qatıla bilər. Açığı anlamıram, bu nə yanaşmadır, nə münasibətdir? Belə seçki inandırım sizi nə banan respublikasında, nə də geridə qalmış Afrikada mövcud deyil. Artıq neçənci seçkidir ki, YAP bu təcrübədən istifadə edir. Əgər sənin namizədin seçkiyə qatılan digər namizəddən aşağı səviyyədədirsə, onun intellektual potensialı deputat olmağa imkan vermirsə, kor yapışdığından əl çəkmədiyi kimi, YAP da öz istəyindən əl çəkmir. Əgər digər namizəd YAP-ın namizədindən üstündürsə, niyə görə də bu namizəd deputat mandatı qazanmasın. Məsuliyyətlə deyə bilərəm ki, bu tendensiya belə davam edərsə, Sovet İttifaqı Kommunist partiyasının acı taleyini YAP-da yaşayacaq. Bu gün Ali Baş Komandanın başı xarici siyasətə, Qarabağımıza qarışıb. Vallah, billah, onun yerinə and içə bilərəm ki, ONUN bu mərəkədən xəbəri yoxdur. Kəndlərdə vətəndaşlarla görüşürəm, heç kimin seçkilərə inamı yoxdur. Hamı bir ağızdan deyir ki, kimə səs versək də qutudan YAP-ın namizədi çıxacaq. Ay YAP rəhbərləri, Vətəni uçuruma aparmayın, Vətən yazıqdır. Görürsünüz ki, bu vacib yazıya bir dənə də olsun şərh verilməyib. Bu da vətəndaşlarımızın “seçkilərə” münasibəti.