Rusiyanın Qrodninsi quberniyasının kiçik Lıskovo qəsəbəsinin sakinləri olan Fişel və Sara Azeflərin çox balaca bir baqqal dükanları vardı. Lakin buna baxmayaraq, onlar öz yeganə oğulları Yevnonun imkanlı və nüfuzlu yəhudi uşaqlarının təhsil aldıqları gimnaziyada oxuması üçün bütün güclərini səfərbər etmişdilər. Onlar Yevnonu gələcəkdə kasıb baqqalçı qismində deyil, hörmətli bir mühəndis kimi görməyi arzulayırdılar. Ən əsası isə, valideyinlərı öz balalarını o dövrdə bütün qapıları döyən inqilabçılıq xəstəliyinə yoluxmaqdan qorumaq istəyirdilər. Ancaq qoruya bilmədilər... Bu gənc özünü inqilabın axınına atdı.

1892-ci ilin yazında jandarmalar mövcud rejimlə mübarizə aparılmasına çağırışlar edən vərəqələrin yayılmasının mənbəyini öyrənmək istərkən, Yevno Azef anidən yoxa çıxır. O, Almaniyanın Karlsrue şəhərində yerli politexnik institutunun tələbəsi kimi peyda olmuşdu. Amma Almaniyada yaşamaq üçün pul lazım idi. Yevno qərara alır ki, ona vacib olan bu pulları avantüranın köməyi ilə də əldə edə bilər. Məsələn, onun Rusiya polis orqanlarına gizli agent kimi öz xidmətini təklif etməsi işə yarayardı. Polis həmin bu gəncin casus olmaq təklifini qəbul edir.

Mühəndis-elektrik diplomunu alıb Rusiyaya qayıdan Azef, elektrik şırkətində sıravi bir işçi kimi darıxdırıcı bir həyat sürməyə başlayır. Ümumiyyətlə isə, heç kim güman edə bilməzdi ki, həmin bu yondəmsiz cənab eyni zamanda iki qeyri-leqal işlə də məşğuldur. O, həm gizli polisə çalışır, həm də ağlı, iradəsi və istedadı hesabına inqilabı hərəkatda mühüm rol oynamağı da bacarırdı. Azefə təkcə pul deyil, hakimiyyət də lazım idi. Yevno hesab edirdi ki, ona yalnız var-dövlət və hakimiyyət mənalı həyat hissi bəxş edə bilər. Azef özünün ən böyük oynunu eserlərlə (Sosialist Revolyutsionerlər Partiyası - onlara qısaca eserlər deyirdilər) qurmağa başlayır. Eserlər düşünürdülər ki, onların hakimiyyətə gəlməsi yalnız inqilabı yolla mümkündür və bunun üçün də Rusiyanı mütləq terror vasitəsilə inqilaba sürükləmək lazımdır. Eserlər partiyasının qurucularından biri olan Qriqoriy Qerşuni ilə birlikdə Azef terrorun nəzəri əsaslarını işləyib hazırlayır. Bu planın həyata keçirilməsi üçün partiya içərisində çox dərin konspirasiya olunmuş xüsusi döyüş təşkilatı qurulur. Qerşuninin həbs edilməsindən sonra, Azef həmin təşkilatın rəhbərinə çevrilir. Özünə vurğunluq hissi onu alovlandırmağa başlayır. İndi ən yüksək rütbəli çar məmurlarını öldürmək və ya əfv etmək ondan asılıydı. Azefin əlində tədricən çox böyük hakimiyyət cəmləşir.

Tarixdə "Günəş kral" adlandırılan Fransa kralı XIV Lüdovik yüksək hakimiyyət mərtəbəsinə çatanda “Dövlət mənəm!” deyə hayqırmışdı. Eserlərin mərkəzi komitəsinin üzvü olan və gizli terror təşkilatına rəhbərlik edən Yevno Azef yalançı təvazökarlığı bir kənara atıb, "günəş kral" kimi "Terror mənəm!” deyə bilərdi. O, təhlükəli və riskli bir oyuna girişmişdi. Əsl mahir oyunçu kimi, o, eyni anda həm ”qırmızılar” və həm də ”qaralar” üçün mərc qoya bilərdi.

Azefin yüksək vəzifə tutduğu partiya, terror əməliyyatları həyata keçirməyə başlayır. Onun casusluq xidməti göstərdiyi polis bu terror aktlarının önünü kəsməliydi. Gizli terror qrupunun rəhbəri kimi, Azef tanınmış çar məmurlarının ölümünü təşkil etmə planlarını işə salır. O, gizli casus kimi törədəcəkləri dəhşətlər barəsində polislərin özünə öncədən xəbərdarlıq da edirdi. Azef Rusiya İmperiyasının daxili işlər naziri Plevenin və böyük knyaz, çarın qardaşı Sergey Aleksandroviçin ölümünü təşkil edir. Ancaq Azef Moskva şəhər ober–polistmeystri Trepova qarşı törədiləcək terrorun qarşısını alır. Azef həmçinin Kiyev şəhər general-qubernatoru Kleyqelsin öldürülməsi planını işləyib hazırlayır, digər yandan isə üç dəfə çar II Nikolaya qarşı törədiləcək terror barəsində polisə öncədən məlumat ötürür.

Azef özünün yarı yoxsul həyatı zamanı arzuladığı var-dövlət və hakimiyyətə yiyələnmişdi. O, artıq həm inqilaba və həm də ki, polisə tüpürmək istərdi. Daimi olaraq hər iki tərəfdə dayanmaq onu tamamilə yormuşdu. Azefi ən çox həyəcanlandıran məqam hərdən öz şəxsiyətinin ikiləşməsi hissinin yaranması idi. Həyatda çox az adam üç şeydən - var dövlətdən, hakimiyyətdən və qadından üz döndərər. Pula olan həsrət və sevgi Azefdə öz valideyinlərinin onun təhsili üçün yığdıqları hər bir qəpiyin üstündə necə əsdiklərini görən dövründən yaranmışdı. İlk öncə o təzə başlayan casus kimi, ayda 50 rubl alırdı. Bir neçə ildən sonra polis özünün “çox qiymətli” və xüsusi əhəmiyyət kəsb edən “köstəbəyinə” hər hansı çar nazirinin aldığı məvacibdən də artıq - illik 14 min rubl pul ödəyirdi. Ancaq bu da Azef üçün az məbləğ sayılırdı. Eserlərin gizli terror qrupuna rəhbərlik etdikdən sonra, onun əlində terror aktlarının törədilməsi üçün nəzərdə tutulmuş küllü miqdarda pul vəsaiti cəmləşmişdi. Uçurumun tam kənarı ilə irəlilədiyini və nə zamansa oradan aşağıya yuvarlanacağını çox yaxşı dərk edən Azef, ona gələn pulların bir hissəsini kənara qoymaqla yanaşı, qalan digər hissəsini isə şansonyon (nəğməkar) qadınlara və varyetə artistlərinə xərcləyirdi. O, çox içməsə də, qadınlarla əylənməyi və eyş-işrət keçirməyi çox sevirdi. Azef bu yolda polisin və partiyanın pullarını sağa-sola səpələyirdi. Peterburqun “Akvarium” restoranında o, öz həyatının qalan hissəsini himayədarlıq edəcəyi və onu ”ayaqqabısının altına salacaq” müğənni qadınla tanış olur.

Hətta ən şanslı oyunçu da, gec-tez, bir gün məğlubiyyətlə üzləşir. İki dəfə Azefin təxribatçı olması barəsində partiyaya xəbərdarlıq edilməsinə baxmayaraq, təşkilat rəhbərliyi verilən bu məlumatlara inanmamışdı. Nəhayət, bu məsələdə son nöqtəni tanınmış inqilabçı və “Bıloe” jurnalının naşıri, publisist Burçev qoydu. Bütün təkzibedilməz faktlar toplandıqdan sonra, eserlərin mərkəzi komitəsində çıxış edən Burçev sübutlarla Azefin əsl kimliyini ortaya qoydu. O, xüsusi təşkil edilmiş partiya daxili məhkəmədə sübüt etdi ki, partiya içərisində fəaliyyət göstərən casus "Raskin"lə Azef elə eyni adamdır. Ancaq Azef aradan çıxmağı bacarmışdı. Bir neçə gündən sonra eserlər partiyası rəsmi sürətdə elan etdi ki, Azef təxribatçıdır!

Yevno Azef çox gözəl anlayırdı ki, ondan alınacaq intiqamdan yaxa qurtara bilməyəcək. Yalnız bir çıxış yolu qalmışdı - Ölmək! Fəndgir Azef yalandan məlumat yaydırdı ki, güya o, həqiqətən də qəfildən ölüb. Sonradan o, Neymyer adı altında İtaliyaya, Yunanıstana və Misirə səyahətə çıxdı. Nəhayət, Azef öz müğənni sevgilisi ilə Berlində yerləşmək gərarına gəldi. Həyatdan zövq almaq hissini itirməyən Azef, Berlində birjaya baş çəkməyi və alman tanışları ilə qumar oynamağı da unutmur. Birinci Dünya Müharibəsi zamanı Azef müflisləşir. 1915-ci ildə ona yeni bir zərbə dəyir. Azefin əsl kimliyini öyrənən alman polisi təhlükəli inqilabçı və anarxist-terrorçunu həbsə atır. Həbsxanada Azefə qəzet oxumağa, gəzişməyə və sevimli müğənnisi ilə yazışmağa icazə verirlər. Azef həbsxanadan sevgilisinə yazırdı ki, onda ruhi-mənəvi baxımdan dəyişiklik yaranıb və o, tez-tez Allaha üz tutaraq dualar oxuyur. Bu böyük inkvizitor Berlin həbsxanasında ilahiyyatçıya çevrilibmiş. 1918-ci ilin martında imzalanan Brest-Litovsk müqaviləsindən sonra, Azef azadlığa buraxılır. Artıq öz mügənnisindən başqa o, heç kimə lazım deyildi. Dövr dəyişmişdi və indi ayrı tarıx cövlan edirdi. Onun ətrafındakı həyat məkanı yavaş-yavaş daralırdı. Azefin əvvəllərdə müalicə olunan böyrəklərinin xəstəliyi qəfildən şiddətlənməyə başlayır. Xəstəlik heç də uzun sürmür və 1918-ci ilin 24 aprel tarixində “cənab böyük təxribatçı” Azef bu dünyaya əlvida söyləyir...

Tərcümə etdi: Vaqif Nəsibov