Menu

Tramp və IBA rəhbərinin qalmaqallı ortaqlığı - Məşhur toy ziyafətinin pərdəarxası + FOTO

19.09.2026, 10:45
Tramp və IBA rəhbərinin qalmaqallı ortaqlığı - Məşhur toy ziyafətinin pərdəarxası + FOTO

ABŞ Prezidenti Donald Trampın böyük oğlu Kiçik Donald Trampın Rusiya Boks Federasiyasının rəhbəri və Beynəlxalq Boks Assosiasiyasının (IBA) başçısı Ömər Kremlevlə (doğum soyadı ilə Lutfullayev) sıx dostluğu və maliyyə əlaqələri ABŞ və dünya mediasında böyük rezonans doğurub.

"ProPublica" tədqiqatçı jurnalistika təşkilatının və "The New York Times" nəşrinin birgə araşdırması Tramp ailəsi ilə Moskvaya yaxın dairələr arasındakı qaranlıq münasibətləri və qalmaqallı maliyyə jestlərini üzə çıxarıb.

İstanbuldakı görüş və boks qalmaqalı

İki fiqur arasında yaxınlaşma ilk dəfə ötən ilin sentyabrında İstanbulda keçirilən biznes forumunda diqqət çəkib. Beynəlxalq Boks Assosiasiyasının (IBA) təşkil etdiyi tədbirə ev sahibliyi edən Ömər Kremlevlə eyni səhnəni bölüşən Kiçik Donald Tramp çıxışında Kremlevi açıq şəkildə tərifləyib, onu yalnız uğurlu lider deyil, "yaxın dostu" adlandırıb.

Həmin vaxt Kiçik Trampı bu səfərdə amerikalı bankirin qızı, maliyyə məsləhətçisi Bettina Anderson müşayiət edib.

Baham adalarında dəbdəbəli toy və Kremlin sponsorluğu

İstambuldakı tədbirdən səkkiz ay sonra – Florida ştatında gizli mərasimlə ailə həyatı quran Kiçik Donald Tramp və Bettina Anderson cütlüyü ardınca Baham adalarında bir neçə gün davam edən təmtəraqlı "post-wedding" (toydan sonrakı əyləncə) ziyafəti təşkil ediblər.


Araşdırmalar göstərib ki, Bahamdakı bu dəbdəbəli partiyanın bütün xərclərini, otel və əyləncə xərclərini şəxsən Ömər Kremlev ödəyib.

Tərəflər baş verənlərə necə reaksiya verib?

Kiçik Tramp və Bettina Anderson sosial şəbəkədə ortaq bəyanat yayaraq ziyafət xərclərinin Kremlev tərəfindən qarşılandığını təsdiqləyiblər. Lakin onlar bunu siyasi dividendlə bağlamağı rədd edərək, məsələni "əziz dostdan gələn səmimi toy hədiyyəsi" kimi qələmə veriblər.

ABŞ Prezidenti Donald Tramp "The New York Times"a müsahibəsində Ömər Kremlevi şəxsən tanımadığını iddia edib: "Ömər adlı şəxsin kim olduğunu bilmirəm. O, toyun özünü maliyyələşdirməyib. Toy tamamilə başqa yerdə və başqa gündə olub. Bu, sadəcə onların şərəfinə verilmiş balaca bir partiya idi, böyük məsələ deyil".

Ömər Kremlev kimdir?

1982-ci ildə Moskva vilayətində Umar Lutfullayev adı ilə doğulan Kremlev gənclik illərində xuliqanlıq, hədə-qorxu ilə tələb etmə (qəsb) və adam döyməyə görə iki dəfə cinayət məsuliyyətinə cəlb olunub. 2010-cu ildə soyadını "Kremlev" kimi dəyişən iş adamı sürətlə boks təşkilatçılığına keçib.

2020-ci ildə Kremlev Beynəlxalq Boks Assosiasiyasının (IBA) rəhbəri seçilib. O, qurumun əsas sponsoru kimi dövlət konserni "Qazprom"u gətirib. Kremlevin dövründə korrupsiya, qeyri-şəffaf maliyyə əməliyyatları və hakimlərin ələ alınması iddiaları pik həddə çatıb. Nəticədə Beynəlxalq Olimpiya Komitəsi (BOK) tarixdə ilk dəfə olaraq IBA-nın rəsmi lisenziyasını ləğv edib və boks yarışlarının təşkilini onun əlindən alıb. 2024-cü ildə Kremlev Rusiyanın ən böyük avtosalonlar şəbəkəsi olan "Rolf" şirkətinin milliləşdirilərək idarəçiliyinin ona verilməsinə nail olub. Həmçinin, onun Rusiyanın buket-mərc şirkətlərində ("Liga Stavok", "Fonbet") böyük pay sahibi olduğu bildirilir.

Rasim Əliyev

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol