Hər üç amerikalıdan ikisi ABŞ-nin hazırkı Prezidenti Co Baydenin seçkidə iştirakdan imtina etməsini istəyir.
“AzPolitika” xəbər verir ki, “Newsweek”-də dərc edilən son sorğunun nəticələri bunu deməyə əsas verir.
Nəticələrə dair şərhdə qeyd olunur ki, Baydenə qarşı təzyiqlər Donald Trampla iyunun 27-də keçirdiyi uğursuz debatdan sonra xeyli artıb. Vəziyyət o yerə çatıb ki, artıq hətta Demokratları təmsil edən senator Peter Uelç də Baydenin yarışdan çəkilməsini açıq şəkildə tələb edən bəyanatla çıxış edib.
Qəzet yazır ki, bu mənzərə Baydeni Demokratlar Partiyasından namizəd kimi əvəz edəcəyi təqdirdə vitse-prezident Kamala Harrisə müsbət təsir göstərə bilər. Sorğu göstərib ki, seçicilər Trampdansa Harrisə üstünlük verirlər və hazırda ona səs verməyə hazır olanlar 49%, Trampa səs verənlər isə 46%-dir.
Respondentlərin 67%-i deyib ki, Bayden kənara çəkilməli və başqasının prezidentliyə namizəd olmasına icazə verməlidir. Digər 30% onun kampaniyanı davam etdirməli olduğuna əmindir, 3% isə sualdan yayınıb.
Sorğunun nəticələrinə görə, noyabrda Baydenə səs verməyə hazır olanların 54%-i indi artıq onun istefa verməli olduğunu düşünür.
Məsələ ondadır ki, Trampın da vəziyyətyi yaxşı deyil. Respondentlərin 50%-i onun seçkidən çəkilməli olduğunu, 47%-i davam etməli olduğunu düşünür, 3%-i isə cavab verməkdən yayınıb.
Beləliklə, seçki yaxınlaşdıqca, qeyri-müəyyənlik artır və ABŞ-nin növbəti prezidentinin kim olacağını proqnozlaşdırmaq praktiki olaraq qeyri-mümkündür.
“AzPolitika.info”


Şərhlər