Londonda fəaliyyət göstərən beyin mərkəzi "Chatham House"un proqram direktoru doktor Lesli Vincamuri mediaya müsahibəsində Donald Trampa atəş açılmasının seçki kampaniyasına mümkün təsirlərindən, Respublikaçılar Partiyasının qarşıdakı milli qurultayından və Co Baydenə namizədliyini geri götürməsi ilə bağlı basqılardan danışıb.
“AzPolitika” xəbər verir ki, doktor Vincamurinin fikrincə, bu hadisə Prezident Bayden və onun seçk ikomandasının üzərinə əlavə yük qoyacaq. O deyir ki, Bayden kampaniyanın istiqamətini dəyişərək birlik, qeyri-zorakılıq kimi mesajlara daha çox üstünlük verməli olacaq.
Artıq Demokratlar Partiyasının kampaniya reklamlarına ara verdiyi görülməkdədir. L. Vincamuri bu addımı alqışlayır: "Bu, çox yaxşıdır. Düşünürəm ki, bu, Baydenə özünü lider kimi göstərmək imkanı verir".
Vincamuri atəş açan 20 yaşlı şəxsin Respublikaçılar Partiyasının qeydiyyatdan keçmiş üzvü olması haqda xəbərə diqqət çəkib. "O, 17 yaşı olanda demokratların siyasi kampaniya qrupu olan "Act Blue"ya ianə verib. Bu da o deməkdir ki, o, bəlli məqamda demokrat da olub. O, gəncdir. Hələlik, onun motivləri ilə bağlı heç bir bilgimiz yoxdur. Çox ciddi təhqiqat aparılır... İnsanlar motivin nə olduğunu və bunun ayrıca götürülmüş insident olub-olmadığını anlamaq üçün bu məsələni izləyəcəklər".
L.Vincamuri son həftə ərzində Baydenin namizədliyi ətrafında baş verən hərəkətliliyə də toxunub: "Demokratlar Partiyasında çox adam Prezident Baydenə dəstəyini geri çəkir, ikinci müddətə namizəd olmayacağını bəyan etməsi üçün ona basqı göstərir. Çox adamın da onun ətrafında birləşdiyini görürük. Biz prezidentin kampaniyalarda çox güclü göründüyünü, debatda nümayiş etdirdiyindən çox güclü nitqlər söylədiyini görürük".
Onun fikrincə, indi demokratlar sabitliyə üstünlük verərək öz namizədləri ətrafında birləşə bilərlər.
“AzPolitika.info”


Şərhlər