ABŞ-nin keçmiş prezidenti Donald Tramp noyabrdakı prezident seçkiərində qalib gələcəyi təqdirdə vitse-prezidentlik postuna Ceyms Devid Vensi gətirəcəyini açıqlayıb.
“AzPolitika” xəbər verir ki, Ceyms Vensin vitse-prezidenti seçilməsi Avropa və Ukrayna üçün “böyük fəlakət” kimi qiymətləndirilir.
Belə ki, Ohayonun senatoru Ceyms Vens Avropanın hərbi cəhətdən Ukraynaya yardıma qəti şəkildə qarşı çıxanlardandır. O, daha əvvəl Ukraynaya yardımla bağlı belə bir ifadə işlətmişdi:“Sizə səmimi deyirəm, Ukraynada baş verənlər məni maraqlandırmır”.
Vens bu ilin fevralında Münhen Təhlükəsizlik Konfransında çıxış edərkən ABŞ-nin Kiyevə dəstəyini yenidən nəzərdən keçirməli olduğunu dilə gətirmiş və Ukrayna nümayəndə heyəti ilə görüşdən imtina etmişdi.
Bundan əlavə, Rusiya lideri Vladimir Putinlə təmasların ABŞ-nin maraqları naminə gücləndirilməsinin lazım olduğunu iddia edən Vens, Yaxın Şərqlə bağlı İsrailə mütləq dəstək verilməsinin tərəfdarıdır. Vens daha əvvəl “CNN”-də bir proqramda demişdi ki, “İsrail HƏMAS-ı məhv edənə qədər Qəzzada müharibəni davam etdirməlidir”.
Bu barədə “Politico”-ya danışan Avropa İttifaqı rəsmisi Vens seçiminin Ukrayna və birliyin özü üçün “fəlakət” olacağını bildirib. Analitiklər vurğulayırlar ki, Tramp-Vens cütlüyü noyabrın 5-də keçiriləcək seçkilərdə qalib gəlsə, ABŞ-nin xarici siyasətində və Avropa ilə münasibətlərində ciddi dəyişikliklər ola bilər.
“AzPolitika.info”


Şərhlər