Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Daşdəmir oğlu Qurbanov vəzifəsindən azad edilib.
"AzPolitika.info"-nun məlumatına görə, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Prezidentin digər sərəncam ilə bu vəzifəyə Cavid Teyrun oğlu Əbdul-Qədirov təyin edilib.
Qeyd edək ki, Eyvaz Daşdəmir oğlu Qurbanov 1963-cü il fevralın 14-də Oğuz rayonunun Bucaq kəndində anadan olub. 1980-ci ildə Oğuz şəhər 2 saylı orta məktəbini bitirib. 1981–1983-cü illərdə hərbi xidmətdə olub. 1984–1988-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda, 2001–2004-cü illərdə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alıb.

1984–1999-cu illərdə Tofiq Bəhramov adına Respublika Stadionunun direktoru vəzifəsində işləyib. 1997-ci ildən Avropa Şurasının İdmanın İnkişafı Komitəsində respublikamızı müntəzəm olaraq təmsil edib. Azərbaycan Milli Olimpiya Komitəsinin üzvüdür. 2000-ci ildən Milli Olimpiya Komitəsinin Bakı Olimpiya Kompleksinin direktoru, 2005–2010-cu illərdə isə Oğuz-Qəbələ seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin III çağırış deputatı olub.
Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2011-ci il tarixli Sərəncamı ilə Oğuz Rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdi.
Ailəlidir, iki övladı var.
"AzPolitika.info"-nun məlumatına görə, Eyvaz Qurbanovun 1 sentyabrda keçiriləcək növbədənkənar parlament seçkilərində YAP-ın namizədi kimi iştirak edəcəyi gözlənilir.
Qeyd etdiyimiz kimi, Oğuz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə Cavid Teyrun oğlu Əbdul-Qədirov təyin edilib.
Cavid Əbdul-Qədirov bundan əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbərinin müavini vəzifəsində çalışıb.

Yeni icra başçısı Cavid Teyrun oğlu Əbdul-Qədirov 1984-cü ildə Bakı şəhərində anadan olub.
2004-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit fakültəsinin bakalavr pilləsini fərqlənmə diplomu ilə bitirib.
2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit fakültəsinin magistr pilləsini fərqlənmə diplomu ilə bitirib.
2008-2013-cü illərdə Səhiyyə Nazirliyi-HİV/AİDS, vərəm və malyariya ilə mübarizə üzrə Proqramın layihə Əlaqələndirmə Bürosunda maliyyə mütəxəssisi, direktor, 2013-2018-ci illərdə isə "RMDM” ASC-baş direktorun müavini, baş direktor vəzifələrində işləyib.
2018-ci ildə Azərbaycan Respublikaının əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri, 2018-2020-ci illərdə Nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəisi, 2020-2021-ci illərdə Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri vəzifələrində çalışıb.
2021-ci ildən etibarən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbərinin müavini vəzifəsində çalışıb.
İngilis, rus dillərini sərbəst bilir.
Ailəlidir, iki övladı var.

Şərhlər
Bu hec esqerlikdede olmayib! nece vezife verilib bu adama ?
Bəs Cavid Teyrun (bu hansı millətin adıdır?) qğlunun ata-anası nə zaman Bakıda haradan köçüblər? Niyə məlumat yarımçıq verilir.Axı bunlar əslən Bakılı deyillər.Hələ bəlkə heç Azərbaycan türkü də deyillərBunu aydın yazmaq hansı anlaşılmazlıqdan irəli gəlir.Bu necə təqdimatdır?