COVİD-19 diaqnozu ilə prezidentə qarşı təzyiqlər tam üst-üstə düşür
İki gün əvvəl “BET” telekanalına müsahibəsində Bayden deyib ki, həkimlər onun səhhətində problem olduğunu üzə çıxarsa, prezidentlik yarışından imtina edəcək: “Mənim hansısa xəstəliyim üzə çıxsa, həkimlər gəlib desələr ki, sizin hansısa probleminiz var”.
Çox keçmədi ki, “peroblem” çıxdı. Xəbər verildiyi kimi, ABŞ Prezidenti Co Bayden seçki kampaniyasının ən qızğın vaxtında koronavirusa yoluxub. Amerika lideri bu məlumatı X sosial şəbəkəsində təsdiqləyib və qeyd edib ki, tam sağalana qədər “evdən işləyəcək”: "Amma özümü yaxşı hiss edirəm və bu müddət ərzində mən Amerika xalqı üçün işləməyə davam edəcəyəm".
Yəni, seçkinin qızğın vaxtında - namizədlərdən biri sui-qəsddən sağ-salamat çıxaraq, qarış-qarış ölkəni gəzməkdə davam etdiyi, fəal kampaniya keçirdiyi, populyarlığının ən yüksək nöqtəsinə çatdığı günlərdə digəri onsuz da zəif göründüyü yarışda üstəlik xəstəliyə yoluxaraq, ölkəni və öz seçki kampaniyasını yataq otağından “idarə edəcək”. Belədə kimin daha şanslı olduğunu xüsusi qeyd etməyə ehtiyac qalmır...

Bəs, COVİD-19 məsələsinin indiki gərgin məqamda, özü də Baydenin “həkimlər desə, çəkilə bilərəm” açıqlamasından dərhal sonra meydana çıxması təsadüf ola bilərmi? Məsələ ondadır ki, son günlər, xüsusilə də Trampa qarşı uğursuz sui-qəsddən sonra Baydenə seçkidən çəkilməsi ilə bağlı təzyiqlər görünməmiş dərəcədə artıb. Çünki bu mənzərə fonunda onun seçilmə şansları getdikcə azalır və Demokratlar Partiyasının nəinki Ağ Evdən, hətta Konqresdən və Senatdan da məhrum olması təhlükəsi yaranır.
Son olaraq Amerika Konqresinin Senatında (parlamentin yuxarı palatası) Demokratik çoxluğun lideri Çak Şumer iclasda Co Baydeni prezidentlik yarışından geri çəkilməyə çağırıb. Bu barədə ABC məlumat yayıb. Telekanalın məlumatına görə, Şumer şəxsən Baydenə deyib ki, o, seçki yarışından çıxsa, özü, partiyası və ölkəsi üçün daha yaxşı olar.

Daha əvvəl telekanal Şumerin və Nümayəndələr Palatasındakı (Parlamentin aşağı palatası) Demokratik Azlıqların lideri Hakim Cefrisin partiyanı Baydenin namizədliyini təxirə salmağa çağırdığını bildirib. Bu, avqustun sonunda Çikaqoda keçiriləcək partiyanın qurultayında baş verməlidir.
Bununla belə, “Axios” öz mənbələrinə istinadla yazır ki, ABŞ Demokratik Milli Komitəsi iyulun 29-dan avqustun 5-dək Baydenin namizəd kimi irəli sürülməsi üçün erkən səsvermə təyin edib.
CNN xəbər verir ki, Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosi də Baydenə özəl olaraq zəng edib. Söhbət zamanı o, Baydenə deyib ki, sorğular onun Donald Trampı məğlub edə bilməyəcəyini göstərir.

Pelosi hətta qeyd edib ki, Bayden ikinci müddətə namizədliyini irəli sürməyə davam edərsə, Demokratların noyabrda Nümayəndələr Palatasında qalib gəlmək şanslarını məhv edə bilər. Ancaq iddia olunur ki, Bayden Pelosi ilə razılaşmayıb və deyib ki, onun qalib gələ biləcəyini göstərən sorğular da var...
ABC öz mənbələrinə istinadla onu da xəbər verib ki, Bayden iyulun 13-də Nümayəndələr Palatasının 100 nəfərlik Demokratlar qrupu ilə gərgin telefon görüşü keçirib. Söhbət zamanı əsas mövzu Baydenin seçkilərdə qalib gələ bilməsi ilə bağlı partiya yoldaşlarının narahatlıqları olub.
Demokrat senatorlardan biri “ABC News”-a Baydenin söhbət zamanı “suallara hazır olmadığını, bəzilərinə cavab vermədiyini və ya "çaşqın cavablar" verdiyini” deyib. Bundan əlavə, ABC xəbər verir ki, bu söhbət zamanı Baydenlə Demokratlar Partiyasının Koloradodan olan nümayəndəsi Ceyson Krou arasında münaqişə baş verib. Konqresmen Baydenin yaşının ABŞ-nin “milli təhlükəsizliyinə təhdid” təşkil edib-etmədiyini müzakirəyə çıxarıb. Bayden isə NATO-nun gücləndirilməsi üçün göstərilən səylərini önə çəkib: “Dünya xaos içindədir və mən onu nizama salmağa çalışıram”. Hazırkı prezident iddia edib ki, hələ də dünyada büttün liderlərin hörmət etdiyi ən nüfuzlu siyasətçidir.
Ancaq reallıq Baydenin iddiaları ilə üst-üstə düşmür. Əksinə, ona qarşı təzyiqlərlə COVİD-19 diaqnozu tam üst-üstə düşür və onun yarışdan çəkilməsi üçün münbit şərait yaradır.
Ümumiyyətlə, COVİD-19 bəhanəsi ilə çox əməliyyatlar aparılıb, çox gizlinlər, hətta cinayətlər ört-basdır edilib. Əgər Bayden də bu bəhanə ilə yola salınacaqsa, burada qeyri-adi heç nə olmayacaq...
Cəlal Məmmədov
“AzPolitika.info”

Şərhlər
Cəlal Məmmədov demişdim , Bayden gedir ,yerinə ya qaradərili ,ya da nəqliyyat naziri keçəcək və Trampı siləcək