Son günlər ABŞ-nin hazırkı prezidenti Co Baydenə seçki yarışından çəkilməsilə bağlı təzyiqlər görünməmiş dərəcədə artıb. Bir yandan Trampa qarşı uğursuz sui-qəsd, digər yandan da 81 yaşlı prezidentin COVİD-19-a yoluxması onun şanslarını xeyli azaldıb.
“AzPolitika” xəbər verir ki, ABŞ-nin NBC telekanalı öz mənbələrinə istinadla ABŞ prezidenti Co Baydenin siyasi karyerasının başa çatmaq üzrə olduğunu bildirib.
Bununla bağlı materialda deyilir ki, prezidentə yaxın şəxslərdən biri kanala "Biz sona yaxınlaşırıq" deyib. Əlavə edib ki, “artıq torpaq onun ayağı altından qaçır”.
Qeyd olunur ki, hətta Baydenin ən qızğın tərəfdarları da dərin tərddüdlər içərisindədir və onun qalib gəlmə şanslarını çox zəif dəyərləndirirlər. Kanal öz mənbələrinə istinadla iddia edir ki, Baydenibn özünün də yarışdan çəkilməyə hazır olması ilə bağlı əhval-ruhiyyəsi dəyişib: “Amerika liderinin seçki qərargahına yaxın bir şəxsin sözlərinə görə, kampaniya iyulda ilkin olaraq planlaşdırılan ianələrin yalnız 25%-ni ala biləcək”.
“Axios”isə öz mənbələrinə istinadla yazır ki, Demokratlar Partiyasının liderlərinin və prezidentin yaxın dostlarının artan təzyiqləri ABŞ prezidenti Co Baydeni bu həftə sonu prezidentlik yarışından çəkilməyə inandıracaq.
Qeyd olunur ki, hazırda koronavirusa görə özünü təcrid edən 81 yaşlı prezident iş başında qalır. Lakin nüfuzlu demokratlar nəşrə bildiriblər ki, artan təzyiqlər, zəif reytinqlər, sağlamlıq durumu və digər amillər onun kampaniyasını davam etdirməsini qeyri-mümkün edir: “Onlar deyirlər ki, partiyanın yüksək səviyyəli liderləri, dostları və əsas donorları Baydenin qalib gələ bilməyəcəyinə, onun yaşı və əqli qabiliyyətinə dair ictimai təsəvvürləri dəyişdirə bilməyəcəyinə və Konqresdə çoxluğu təmin edə bilməyəcəyinə inanırlar. Prezidentə deyilir ki, əgər o, vəzifəsində qalsa, Tramp böyük üstünlüklə qalib gələ, Baydenin irsini və Demokratların ümidlərini məhv edə bilər. Namizədliyini geri götürmək üçün Baydenə təzyiqlər, xüsusən də son bir neçə gündə dözülməz həddə çatır...”.
Bununla yanaşı, partiyada prezidentliyə namizəd kimi Baydenin yerini kimin tutacağı sualının cavabı açıq qalır. Baydenin 2020-ci ildə Kamala Harrisi vitse-prezident kimi seçməsi onun adının daha tez-tez hallanmasına səbəb olur. Lakin bunun da uğurlu variant olub-olmadığı mübahisəlidir.
Xatırladaq ki, Baydenin özü ictimaiyyətə açıqlamalarında noyabr seçkilərində namizədliyini geri götürməkdən qəti şəkildə imtina etməkdə davam edir.
“BET”-ə verdiyi müsahibədə o, ölkənin özünün dediyi kimi parçalandığı bir vaxtda estafeti ötürməyə hazır olmadığını deyib. Lakin bununla yanaşı, onu da deyib ki, həkimlərindən hər hansı biri onun səhhətində problem olduğunu desə, yarışdan çıxmaq barədə düşünəcək. Belə bir həkimin meydana çıxması ehtimalı isə kifayət qədər yüksəkdir…
C.Məmmədov
“AzPolitika.info”


Şərhlər