“Həyata keçirilən tədbirlər və qanunvericiliyin təkmilləşdirilməsi nəticəsində taksi fəaliyyətində xidmət keyfiyyətinin yüksəlməsi müşahidə edilir”.
“AzPolitika” xəbər verir ki, bunu Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov mətbuata açıqlamasında deyib.
O bildirib ki, Bakıda taksilərin sayı 67-70 mindən 35 minə enib: “Qanunla müəyyən edildiyi kimi yaşı çox olan avtomobillər artıq taksi xidmətlərindən kənarlaşdırılıb. Bu avtomobillər taksi aqreqatorlarının sistemindən çıxarılıb”.

AYNA sədri Anar Rzayev isə əlavə edib ki, həyata keçirilən tədbirlərin əsas məqsədi ictimai nəqliyyatın təşviqi və şəxsi minik avtomobillərindən istifadəni azaltmaqdır: “Bu dövrdə 200 avtobus təmir edilərək xidmətə verilib, yeni marşrut xətləri açılıb, ümumilikdə 560 avtobus ictimai nəqliyyat sisteminə əlavə edilib”.
Rəsmilərin bu açıqlamalarına nəzər yetirəndə belə təəssürat yaranır ki, Azərbaycanda, xüsuisilə də Bakıda ictimai nəqliyyat, taksi xidməti və s. infrastrukturla bağlı heç bir problem qalmayıb, hər şey saat kimi işləyir. Ancaq reallıq vəziyyətin bərbad olaraq qaldığı, hətta daha da pisləşdiyini göstərir.

Əvvəla, maraqlıdır ki, taksilərin sayının iki dəfə azaldılması sayəsində xidmət keyfiyyətinin artdığını iddia edən nazir müavini nəyə əsaslanır? Xidmət keyfiyyətinin artdığını kim və necə ölçüb? Yalnız avtomobillərin ilinin nisbətən təzələnməsi xidmət keyfiyyətinin artması anlamına gələ bilərmi?
Burada taksi sektorundakı ümumi infrastruktur məsələlərindən tutmuş, sürücü mədəniyyəti, müştərilərlə davranış və taksi xidmətinin əlçatanlığına qədər bir çox amillər nəzərə alınmalıdır. Kim iddia edə bilər ki, on minlərlə vətəndaşı işsiz qoymaq sayəsində taksilərin sayını iki dəfə azaltmaq bu xidmətin əlçatanlığını və keyfiyyətini birmənalı olaraq artırıb?
Digər yandan, taksilərin sayının iki dəfə azaldılması ilə keyfiyyətin guya artrdığından danışan nazir müavini nədənsə qiymətlərin də az qala iki dəfəyədək bahalaşmasından və əhalinin böyük hissəsinin bu səbəbdən taksi xidmətindən məhrum olmasından danışmayıb. İctimai nəqliyyatın da bərbad vəziyyətini nəzərə alsaq, əhalinin həm taksi, həm də avtobus sarıdan əziyyət çəkdiyini görərik. Xüsusilə də dərs ili başlayandan sonra bu mənzərə daha acınacaqlı hal alacaq.
AYNA sədri Anar Rzayevin “ictimai nəqliyyatın təşviqi və şəxsi minik avtomobillərindən istifadənin azaldılması” barədə açıqlaması isə sadəcə, acı gülüş doğurur. Yaxşı olar ki, sədr “ictimai nəqliyyatın təşviqini” uzaqdan-uzağa mətbuat üçün quru açıqlamalarla yox, dayanacaqlarda bəzən saatlarla gözləyən, mənzilinə çatmaq üçün nə avtobus, nə də bahalaşmadan sonra taksi tapa bilməyən vətəndaşların arasında, canlı şəkildə aparsın.
O zaman əhalinin onun rəhbərlik etdiyi quruma və şəhərdəki ictimai nəqliyyatın fəaliyyətinə münasibətini açıq şəkildə öz üzərində hiss edə bilər.
C.Məmmədov
“AzPolitika.info”

Şərhlər
Evvelki veziyet çox yaxşi idi.Hem taksi sürenler,hem de biz vetendaşlar razi idik.İşe barmaq soxub berbad etdiler.İndi her iki teref narazıdır
Allah camata zülm edənlərin bəlasını versin.