Demokratlar Partiyasının ən böyük donorlarından biri, milyarder Maykl Moritz hazırkı dövlət başçısı Co Baydenin seçki kampaniyasına sponsorluqdan imtina edib.
“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, bununla bağlı mütaciətində milyarder Baydeni yarışdan çəkilməyə çağırıb: “O, ya ölkəni qaranlıq və qəddar dövrlərə məhkum edə, ya da zamanın səsinə qulaq asa bilər. Vaxt bitdi".
“The New York Times” federal hakimiyyət orqanlarının məlumatlarına istinadla qeyd edir ki, Moritz 2024-cü il seçki dövründə Baydenin seçki kampaniyasına 7,8 milyon dollar ayırıb.
Moritz amerikalı milyarder, yazıçı və “Time” jurnalının keçmiş müxbiridir. O, Silikon vadisinin ən məşhur investorlarından biri, “Google”-un direktorlar şurasının keçmiş üzvü, Stiv Cobs haqqında “Kiçik Krallıq” (1984) kitabının müəllifidir. Onun sərvəti 6,1 milyard dollar qiymətləndirilir.
Qeyd edək ki, son günlər 30-dan çox senator və ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvlərindən ibarət qrup Baydenə ciddi təzyiqlər edirlər. Demokratlar Partiyasının namizədinin adı partiyanın Çikaqoda avqustun 19-22-də keçiriləcək qurultayında açıqlanacaq.
“AzPolitika.info”

Şərhlər