Menu

Neft hasilatı düşür, qaz satışı artır... – ÜDM-də artımın “sirri” çözüldü

20.07.2024, 11:57
Neft hasilatı düşür, qaz satışı artır... – ÜDM-də artımın “sirri” çözüldü

Bu ilin ilk yarısında neft-qaz sektorunda 0.6 faiz artım qeydə alınıb. Bütövlükdə, həmin dövrdə Azərbaycanda 59 milyard 520 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,3 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Qeyri neft-qaz sektorunda 6,9 faiz artım qeydə alınıb. Son illərdə enerji sektorunda sürətli düşüş fonunda artımın səbəbi maraq doğurur.

İqtisadçı Vüqar Bayramov bildirir ki, artımın strukturuna diqqət yetirəndə onun neft istehsalının deyil, qaz hasilatının artması hesabına mümkün olduğu bəlli olur: “Belə ki, əmtəəlik neft hasilatı 4.9 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 5,3 faiz artıb. Təbii ki, burada müsbət məqam təbii qaz hasilatındakı artımlar ilə bağlıdır. Belə ki, daha çox qaz hasilatı, daha çox ixrac deməkdir. Bu fiskal və strateji baxımdan əhəmiyyətli məqamdır”.

Ekspert qeyd edir ki, ölkədə yenə də sənaye məhsulunun 65 faizi mədənçıxarma sektorunun payına düşür.

“Yəni, sənayədə yaranan hər 100 manatlıq dəyərin 65 manata yaxınını məhz neft və qaz sektoru formalaşdırır. Bu fakt enerjidən kənar sektorlarının inkişafı ilə bağlı islahatların daha dərinləşməsini prioritetləşdirir. Yeni mərhələdə ÜDM artımı qeyri-enerji sektorundakı dəyişikliklərdən birbaşa asılı olacaq”, - o əlavə edib.

V.Bayramovun sözlərinə görə, digər tərəfdən, neft sektorunda yaranan dəyərə hasilat ilə yanaşı “qara qızılın” qiyməti birbaşa təsir göstərir.

“Bu da bu sektorda hasilatın tam stabilləşməsini daha da aktuallaşdırır. Dünya neft bazar ilə əlaqənin minimumlaşdırılması üçün isə sənayedə qeyri neft-qaz sektorunun payının daha da artırılması vacibdir”, - iqtisadçı qeyd edib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol