Xəbər verdiyimiz kimi, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etmək arzusundan danışıb. Diplomat qeyd edib ki, şuşalılar onu parlamentdə öz nümayəndəsi seçsələr, etimadı doğrultmaq üçün hər şeyi edəcək.
"AzPolitika" "modern.az"-a istinadən xəbər verir ki, Polad Bülbüloğlu 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsindən namizəd olacaq.
124 saylı Şuşa-Ağdam-Xocavənd Dairə Seçki Komissiyasından məlumatı təsdiq ediblər. Bildirilib ki, o, artıq müvafiq sənədləri sözügedən Dairə Seçki Komissiyasına təqdim edib.
Qeyd edək ki, Polad Bülbüloğlu “Novoe vremya” portalına müsahibəsində bunun mesajını vermişdi: “Şuşalılar məni parlamentdə öz nümayəndələri olaraq seçsələr, onların etimadını doğrultmaq üçün hər şeyi edəcəyəm. Şuşadan deputat olmaq böyük şərəfdir”.
O, jurnalistin “Azərbaycan hazırda növbədənkənar parlament seçkiləri keçirməyə hazırlaşır. Bununla əlaqədar olaraq soruşmaq istərdik, parlamentdə Qarabağın ürəyi - Şuşa şəhərini təmsil etmək üçün deputatlığa namizədliyinizi verməyi planlaşdırırsınızmı? Axı siz atanız, SSRİ Xalq artisti Bülbülün anadan olduğu və yaşadığı, sizin də həyatınızın çox hissəsini keçirdiyiniz şəhəri təmsil etməyə hamıdan çox layiqsiniz” sualına belə cavab verib: “Siz, demək olar ki, düşüncələrimi oxuyaraq maraqlı sual verdiniz. Parlament seçkilərinin keçirilməsi istənilən dövlət və xalqın həyatında çox ciddi və məsuliyyətli hadisədir. Əlbəttə, ruhum oradadır. Mən artıq 3 dəfə “Xarıbülbül” festivalında iştirak etmişəm. Əsasını ötən əsrin 90-cı illərində qoyduğumuz festival ənənələrini davam etdirdiklərinə görə çox hörmətli İlham Əliyevə, Mehriban xanım Əliyevaya, Heydər Əliyev Fonduna, Mədəniyyət Nazirliyinə təşəkkür etmək istəyirəm. Və əlbəttə ki, Şuşanın doğma Azərbaycana qayıtması Ali Baş Komandanın xidmətidir. Hər birimiz canları bahasına doğma torpağın hər qarışını müdafiə edən əsgərlərimiz qarşısında borcluyuq. Əgər şuşalılar məni parlamentdə öz nümayəndələri olaraq seçsələr, onların etimadını doğrultmaq üçün hər şeyi edəcəyəm. Şuşadan deputat olmaq böyük şərəfdir. Bütün bu 30 il ərzində mədəniyyət beşiyi olan Şuşanın qaytarılmasını arzu edirdik və biz bunu etdik. İndi bizim əsas vəzifəmiz Qarabağın inkişafı və çiçəklənməsi üçün hər şeyi etməkdir”.
Xatırladaq ki, Polad Bülbüloğlu 1945-ci ildə anadan olub. O, 1988-2006-cı illərdə Azərbaycanın mədəniyyət naziri olub. 2006-cı ildən Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiridir. Diplomat 1995-ci ildə 45 saylı Şuşa–Cəbrayıl –Xocavənd seçki dairəsindən deputat seçilmişdi.
Qeyd edək ki, hakim Yeni Azərbaycan Partiyasının (YAP) 124 saylı seçki dairəsindən namizədi Leyla Babışovadır. O, YAP Şuşa rayon təşkilatının sədr müavinidir.
Adıçəkilən seçki dairəsindən, həmçinin Azad Vətən Partiyasının sədri Akif Nağının da namizədliyi irəli sürülüb.
Fotoda Leyla Babışova


Şərhlər
Görünür bütün dünyada insanlar ona görə pensiyaya çıxırlar ki,ahıl yaşlarında o dünya barədə düşünmək üçün bolluca vaxtları olsun ki,ölümü layiqincə qarşılasınlar.Bizdə isə yağlı vəzifələrdə olan qocalar ölümdən oddan qorxan kimi qorxurlar,ona görə də 100 yaşda da kabinetlərini tərk etmək istəmirlər.Bir gün mütləq öləcəklərini bilirlər,amma bu qorxunc fikri yaxına buraxmamaq üçün davamlı məmurluqla başlarını girləyirlər.Nağarsınlar,dinləri-imanları o qədərdi də.A kişi,vallah billah qorxunun əcələ faydası yoxdu,həm də hər bir adam öləndə təklikdə ölür,kabinet-telefon-kreslo filan kömək eləmir adama.Odur ki çıx get evinə,qoca adamsan,dincəl,istirahət et,həyətdə kartofdan-soğandan ək,yatanda İohan Götedən-zaddan oxu,vur kafayı yat.
Mən bir onu gŏrůrəm ki,seçki dediyiniz həsənsox dəyirmanıdı,kimin ağlına gəldi ŏzůnů soxur bura.
?9 yaşında olan bir adamı deputat təyin olunması gülünc doğurur. Poladın yeri yalnız və yalnız istirahətə göndərmək! Polad zornan nəfəs alır, nə deputat, deputat savadlıp gənclərimiz var onlar təyin olunmalıdır vəssalam.....
Polaad BÜLBÜLoğlunun son nəfəsinəcən ağsaqqal Mədəniyyət Naziri olması atası Məmmədovun ruhuna da, özünün gözlənilməyən gərgin-müvəffəq dünyəvi Azərbaycan Müsiqiqisi Zəhmətinə də halaldır. Elə L.Babışovanın da nazirliyin səlahiyyətli Katibi olması daha fərz, YAPın da ləyaqətli təyinatları olmazdımı?
Yene qocalar evi?
79 yaşında nə deputat? Ölənədək işləməlisiniz? 50 yaşında adama iş vermirlər ki, qocasan? Bu yaşda nə deputat? Gedin bağınızda, bağçanızda dincəlin, qoy deputat daha cevik, daha cavan birisi olsun.
Görünür Rusiya öz aşiqlərini azparlamentə yerləşdirmə planından əl çəkmək niyyətində deyil.