İyulun 28-də keçirilən prezident seçkilərində ölkənin Milli Seçki Şurası hazırkı prezident Nikolas Maduronun qalib gəldiyini elan etdikdən sonra on minlərlə venesuelalı etiraz aksiyalarına çıxıb.
“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, paytaxt Karakasın küçələrində polislə etirazçılar arasında kütləvi toqquşmalar müşahidə olunur. İnsanlar etiraz şüarları ilə paytaxtı digər şəhərlərlə birləşdirən əsas magistrallarda barrikadalar qurur, beynəlxalq hava limanına gedən nəqliyyatın hərəkətini əngəlləyir. “Bloomberg” yazır ki, onları dağıtmaq üçün Milli Qvardiyanın əsgərləri cəlb olunub.

Hökumətin rəsmi məlumatına görə, Maduro 51,2%, müxalif Birləşmiş Platformadan namizəd Edmundo Qonzales isə 44,2% səs toplayıb. Rəsmi məlumatda seçicilərin yalnız 59 faizinin seçkiyə qatıldığı bildirilir. Beləliklə, artıq iki müddət hakimiyyətdə olan hazırkı prezident Venesuelanı daha 6 il idarə etmək imkanı əldə edib.
Maraqlıdır ki, Seçki Şurası seçki məntəqələri bağlandıqdan yalnız altı saat sonra ilk nəticələri açıqlayıb. Qurumun sədri Elvis Amoroso gecikməni elektron səsvermə sisteminə kiberhücumla əlaqələndirib. Müxalifət seçkinin nəticələrini tanımayıb. Ali Məhkəmənin 2038-ci ilə qədər dövlət vəzifəsində işləməsinə qadağa qoyduğu müxalifət lideri Maria Corina Maçado, Maduronun cəmi 30%, müxalifətin namizədinin isə 70% səs aldığını bəyan edərək, Qonzalesi “seçilmiş prezident” adlandırıb: "Biz qalib gəldik və bütün dünya bunu bilir". Bunu dolayısı ilə exit-poll və seçkiqabağı sorğular da təsdiqləyir... Qonzales bildirib ki, iyulun 28-də keçirilən səsvermə zamanı seçki prosesinin bütün mümkün normaları pozulub.

Maduro artıq prezidentliyini rəsmi iqamətgahı olan Miraflores sarayında rəqs və mahnılarla qeyd etsə də, Maçado müxalifətin seçkinin nəticələrinə sonadək etiraz edəcəyini deyib.
Maduroya təzyiqlər təkcə müxalifət deyil, qonşu dövlətlər tərəfindən və ümumilikdə beynəlxalq müstəvidə də müşahidə olunur və artır. Nəticələr nəinki müxalifəti, hətta digər Amerika ölkələrinin liderlərini də razı salmayıb. Braziliya, Çili, Kolumbiya və Peru Maduronun qələbəsinə dair sübut tələb edib, Panama isə Karakas rejimi ilə əlaqələrini müvəqqəti dayandırdığını bəyan edib. Argentina prezidenti Xavyer Miley ölkəsinin Venesueladakı seçkilərin nəticələrini tanımadığını bildirib və Maduronu saxtakarlıqda ittiham edib.
ABŞ dövlət katibi Entoni Blinken isə səsvermədən dərhal sonra deyib ki, Amerika hakimiyyəti “elan edilmiş nəticələrin Venesuela xalqının iradəsini əks etdirməməsindən ciddi narahatdır”. Öz növbəsində Vladimir Putin Maduronu qələbə münasibətilə təbrik edib və onu “Rusiya torpağında həmişə arzuolunan qonaq” adlandırıb.
Artıq Venesuelada baş verən iğtişaşlar zamanı 23 əsgər yaralanıb, onların bəziləri güllə yarası alıb. Bunu ölkənin müdafiə naziri V.Padrino bəyan edib..
— Newsfeed (@Newsfeed883920) July 29, 2024
Yerli KİV yazır ki, polis nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib, 20-yə yaxın adam saxlanılıb. NTN24 telekanalı isə mülki geyimli şəxslərin etirazçılara atəş açdığını bildirib. Prezident sarayına gedən küçələr zirehli texnika ilə kəsilib. Parlament və Milli Seçki Komissiyasının binaları ciddi mühafizə olunur.
O da qeyd olunur ki, müxalifət liderləri əhalini küçə etirazlarına çağırmayıb və aksiyalar kortəbii şəkildə başlayıb.
Bu arada Peru Xarici İşlər Nazirliyi Venesuela diplomatlarının 72 saat ərzində Perunu tərk etməli olduqlarını açıqlayıb. Perunun Xarici İşlər naziri Xavyer Qonzales Olaeçea bu qərarı “Venesuela rejiminin qəbul etdiyi ciddi və özbaşına qərarlara” görə verib. Karakas həmçinin bir sıra dövlətlərdən öz nümayəndələrini Venesueladan “dərhal geri çəkməyi” tələb edib. Belə ki, bir sıra Latın Amerikası ölkələri "səslərin hesablanması şəffaf olmalı və nəticələr şübhə doğurmamalıdır" deyərək seçkilərin nəticələrinə yenidən baxılmasını tələb ediblər. Artıq Venesuela Maduronun yenidən seçilməsini tanımayan Argentina, Dominikan Respublikası, Kosta-Rika, Panama, Peru, Uruqvay və Çilidəki səfirlərini geri çağırıb.
Maduro isə bəyan edib ki, “onlar Venesuelada faşist və əksinqilabi dövlət çevrilişi təşkil etməyə çalışırlar”. Qeyd edək ki, daha öncə Maduro seçkidə uduzacağı təqdirdə Venesuelanın “qan gölünə dönəcəyi” barədə xəbərdarlıq etmişdi. Bu “proqnozuna” görə hətta qonşu və regionun ən nüfuzlu ölkəsi olan Braziliyanın prezidenti onu qınamışdı. O, Maduronu seçkinin nəticələrini ləyaqətlə qəbul etməyə çağırmışdı. Lakin belə görünür ki, etirazların daha da güclənəcəyi təqdirdə Maduronun “qan gölü” proqnozu özünü doğrulda bilər.
C.Məmmədov
“AzPolitika.info”

Şərhlər
Naftalin iyi verənlər.
Olmazmı qonşular bir-birlərinə hörmət edib ölkədaxili işlərə qarışmasın,bunun sonu yoxdur və yaşasığımız bu gözəl dünyanı imperialist quvvələr dağıdacaq,sual olunur ölkələrdə prizedenti imperalistlər təyin edirsə nəyə lazım seçki.
Maraqlısı o olacaq ki ,qonşu ölkələr sərhədlərini, hava məkanını bağlayandan sonra Madura nə edəcək ?Çox guman ki , ölkədə vətəndaş müharibəsi başlasa qonşu ölkələr qoşun yeridəcəklər