Menu

Qərblə Rusiya arasında “böyük mübadilə”də Türkiyə MİT-inin vacib rolu olub – “Bu, asan qərar deyildi...”

02.08.2024, 11:59
Qərblə Rusiya arasında “böyük mübadilə”də Türkiyə MİT-inin vacib rolu olub – “Bu, asan qərar deyildi...”

Xəbər verildiyi kimi, ötən gün Rusiya ilə Qərb ölkələri arasında qarşılıqlı məhbus mübadiləsi baş tutub. Dünya mediasının əsas gündəm mövzularından biri olan bu mübadilə nəticəsində tanınmış rusiyalı müxalifətçilər İlya Yaşin və Vladimir Kara-Murza da daxil olmaqla, Kremlin müxtəlif adlar altında həbsdə saxladığı siyasi məhbuslar, həmçinin amerikalı jurnalist Evan Gerşkoviç Rusiyanın Qərbdən tələb etdiyi bir neçə agent, kəşfiyyatçı və bir qatil ilə dəyişdirilib. Həmin qatil isə Rusiya xüsusi xidmət orqanlarının sifarişi ilə Almaniyada çeçen əsilli disidenti qətlə yetirdiyinə görə ömürlük həbsə məhkum edilmiş Vadim Krasikovdur.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, yay tətilini yarımçıq qoyan Almaniya kansleri Olaf Şolts dünən axşam saatlarında Rusiyadan azad edilmiş məhbusların təyyarəsini hava limanında şəxsən qarşılayarkən Vadim Krasikovu dəyişdirmək qərarı barədə danışıb.

Şolts deyib ki, məhbusların bir çoxu sağlamlıqları və həyatları üçün narahatdırlar, buna görə də "burada onlar üçün bu mühafizəni təşkil etdik".

Berlində çeçen komandir Zelimxan Xanqoşvilini qətlə yetirməkdə təqsirli bilinərək ömürlük həbs cəzasına məhkum edilmiş Vadim Krasikovun mübadiləsini şərh edən Şolts bu qərarın asan olmadığını deyib: "İllərlə davam edən həbsdən sonra ömürlük həbs cəzasına məhkum edilmiş bir qatili deportasiya etmək qərarı heç kəs üçün asan deyildi".

Onun dediyinə görə, Krasikovla bağlı çətin qərar Almaniyadakı siyasi koalisiya tərəfindən hərtərəfli müzakirədən sonra birgə qəbul edilib. Müxalifət lideri, CDU/CSU parlament fraksiyasının sədri Fridrix Merz də ilkin mərhələdə məlumatlandırılıb və Şoltsun sözlərinə görə, qərarla razılaşıb.

Sərbəst buraxılanlarla görüşdükdən sonra Şolts bir daha mübadiləni düzgün qərar adlandırıb: "Hər hansı bir şübhəniz varsa, indi azad olunanlarla danışdıqdan sonra onu itirəcəksiniz."

Sosial Demokratların xarici siyasət sözçüsü Maykl Rot isə mübadiləni şərh edərkən deyib: “Bəzən insanlıq naminə şeytanla razılaşmaq lazımdır”.

Ədliyyə naziri Marko Buşman məhbusları azad etmək üçün ağrılı güzəştlərə getməli olduğunu etiraf edib. O, bildirib ki, Krasikov əfv edilməyib, deportasiya edilib. "Ədliyyə naziri kimi mən xüsusilə acı bir güzəştə görə cavabdehəm".

Almaniya mətbuatı yazır ki, Türkiyənin kəşfiyyat təşkilatı MİT-in iştirakı ilə təşkil olunan indiyə qədər misli görünməmiş əməliyyatda ümumilikdə 26 məhbus dəyişdirilib. Yeri gəlmişkən qeyd edək ki, ABŞ Prezidenti Co Bayden də bu əməliyyatdakı xüsusi roluna görə Türkiyəyə minnətdarlığını bildirib.

Co Bayden həmçinin, etiraf edib ki, Almaniya məhbus mübadiləsinə nail olmaq üçün əhəmiyyətli güzəştlərə getməli olub. Baydenə mübadilə ilə bağlı Putinlə hər hansı təmasının olub-olmadığı soruşulub. ABŞ Prezidenti deyib ki, buna lüzum olmayıb. Ondan Putinə nə mesaj verə biləcəyini də soruşublar. Bayden bir kəlmə, “dayan” deməklə kifayətlənib.

Krasikovun Almaniyada azadlığa buraxılması Almaniya prokurorluğunda məyusluq yaradıb. Almaniya hökuməti də bu qərarın heç də asanlıqla qəbul edilmədiyini etiraf edib. Şolts isə bu qərarın Almaniya-Amerika dostluğunu gücləndirdiyini deyib.

Qərb mətbuatı onu da qeyd edir ki, fevral ayında həbsxanada ölən rusiyalı müxalifət lideri Aleksey Navalnı Qərb-Rusiya mübadiləsi sazişinin bir hissəsi olmalı idi. Lakin onun ölümü 2 ilə yaxın davam edən və hazırlanan bu prosesi təxirə salmışdı.

C.Məmmədov

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol