Rusiyanın işğalçılıq müharibəsinə qarşı döyüşən Ukraynada əhalinin böyük hissəsi müharibə bitənə qədər ölkədə seçki keçirilməsinin əleyhinədir.
“AzPolitika” xəbər verir ki, Milli Demokratiya İnstitutunun və Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun birgə sorğusunun nəticələri bunu deməyə əsas verir.
Sorğuda Ukrayna vətəndaşlarının 72%-i yalnız Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə başa çatdıqdan sonra seçkilərin keçirilməsini dəstəkləyib. Respondentlərin 24%-i seçkini müharibə bitənədək keçirməyin tərəfdarıdır, digər 4% isə cavab verməkdə çətinlik çəkib.
Sorğu iştirakçılarının siyasi partiyalara münasibəti də soruşulub. Verilən cavablar kifayət qədər maraq doğurur və Volodimir Zelenskinin hakim “Xalqın qulluqçusu” partiyasına münasibətin heç də müsbət olmadığını göstərir.
Belə ki, respondentlər könüllülər hərəkatında xüsusi seçilmiş siyasətçi Sergey Pritulanın rəhbərlik edəcəyi partiyaya böyük dəstək verəcəklərini bildiriblər. Respondentlərin 28%-i belə bir partiyaya çox müsbət yanaşır, 34%-i bitərəfdir, 28%-i isə bunu çox mənfi qəbul edir.
Sorğunun nəticəsinə görə, ikinci yerdə Pyotr Poroşenkonun Avropa Həmrəyliyi Partiyasıdır. Kifayət qədər təəccüblü görünən bu nəticəyə görə, respondentlərin 23%-i bu partiyaya çox müsbət yanaşır, 28%-i neytraldır, 47%-i isə çox mənfi yanaşır.
Üçüncü yerdə Kiyev meri Vitali Kliçkonun UDAR Partiyasıdır. Ona 18% çox müsbət, 43% neytral, 34% isə çox mənfi münasibət bildirib.
Parlamentin keçmiş spikeri Dmitri Razumkovun “Ağıllı Siyasət” Partiyası da oxşar göstəricilərə malikdir. 18% çox müsbət, 41% neytral, 27% isə çox mənfi. Yalnız bu partiyalardan sonra hakim “Xalqın xidmətçisi” Partiyası gəlir. Səs verənlərin 48 faizi partiyanın əleyhinə, cəmi 13 faizi lehinədir, 39 faiz neytraldır. Yuliya Timoşenkonun partiyasına isə cəmi 9 faiz rəğbət bəsləyir. 57 faiz partiyaya mənfi yanaşır, 34 faiz isə neytraldır.
Respondentlərin ən mənfi münasibət bildirdiyi isə rusiyayönlü “Müxalifət Platforması – Həyat üçün” partiyasıdır. Rəyi soruşulanların 71%-I bu partiyaya nifrət edir və yalnız 4 faizi onu dəstəkləyir.
Xatırladaq ki, müharibədən əvvəl bu partiyanın elektoratı Ukrayna əhalisinin az qala dörddə birini təşkil edirdi.
“AzPolitika.info”


Şərhlər