Menu

ABŞ Almaniyaya uzaqmənzilli raketlər göndərir – “Rusiyanı çəkindirmə” planı işə düşüb

04.08.2024, 17:48
ABŞ Almaniyaya uzaqmənzilli raketlər göndərir – “Rusiyanı çəkindirmə” planı işə düşüb

“Amerikanın uzaqmənzilli raketlərinin Almaniyada planlaşdırılan yerləşdirilməsi Rusiya Prezidenti Vladimir Putinə qarşı “çəkindirici vasitə” kimi zəruridir”.

“AzPolitika” xəbər verir ki, bu barədə “Deutsche Welle” radiosu Almaniyanın xarici işlər naziri Annalena Berbokun bəyanatına istinadən məlumat yayıb.

Bazar günü yerli mətbuatda dərc olunan şərhlərdə Berbok vurğulayıb ki, Almaniyanı qoruya biləcək şey Berlinin Aİ və NATO daxilində, eləcə də milli səviyyədə öz təhlükəsizliyinə və gücünə sərmayə qoymasıdır. Nazir əlavə edib ki, bu tədbirlərə Amerikanın uzaqmənzilli silahlarının Almaniyada yerləşdirilməsinə dair qərar da daxildir.

Onun sözlərinə görə, Almaniya Rusiyaya qarşı “etibarlı çəkindirmə” qurmalıdır. Annalena Berbok qeyd edib ki, bu cür addımlar Rusiya ilə birbaşa həmsərhəd olan və son aylarda hibrid sərhəd tədbirlərinin partlayıcı təsirini yaşamış Polşanı, Baltikyanı ölkələri və Finlandiyanı da qorumalıdır.

NATO-nun iyul ayında Vaşinqtonda keçirilən sammitində ABŞ və Almaniya Vaşinqtonun uzaqmənzilli raketləri göndərəcəyi barədə planı elan ediblər. 2026-cı ildən başlayaraq Birləşmiş Ştatlar Almaniyada SM-6 zenit raketləri, “Tomaqawk” qanadlı raketləri və eksperimental hipersəs silah sistemləri yerləşdirməyi planlaşdırır ki, bunlar Ağ Evin hazırda Avropada mövcud olan hərbi imkanlarından daha böyük dağıdıcı diapazona malikdir.

“Deutsche Welle” yazır ki, Amerika silahlarının yerləşdirilməsi qərarı Bundestaqın bir çox üzvləri üçün sürpriz olub. Bir sıra siyasətçilər məsələnin parlamentdə müzakirəyə çıxarılmasını istəyiblər.

Rusiya Prezidenti Vladimir Putin iyulun 28-də Sankt-Peterburqda Hərbi Dəniz Qüvvələri Günü şərəfinə keçirilən hərbi dəniz paradında çıxış edərkən bildirib ki, Rusiya ərazisini vura bilən Amerika raket sistemləri Almaniyada yerləşdirilərsə, Moskva ona qarşı orta və daha uzaq mənzilli raketləri yerləşdirəcək.

Rasim Əliyev

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol