2024-cü ilin birinci yarısında Ukraynada cəmi 87 655 uşaq doğulub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9% azdır. Eyni zamanda, bu müddət ərzində 250 972 ölüm halı qeydə alınıb.
“AzPolitika” Ukrayna mətbuatına istinadla xəbər verir ki, Ukrayna statistika idarəsinin açıqladığı bu rəqəmlər bu gün Ukraynada hər yeni doğulan körpəyə üç ölüm halının düşdüyünü göstərir.
Xəbərdə qeyd olunur ki, 2018-2020-ci illərdə bu rəqəm bir yeni doğulan uşaq üçün iki ölüm olub. Müqayisə üçün qeyd edək ki, 2021-ci ilin birinci yarısında Ukraynada 132 595 uşaq doğulub. İndi bu rəqəm 1,5 dəfə azalıb.
Ən çox yeni doğulan körpələr və ölüm halları Dnepropetrovsk vilayətində və Kiyevdə qeydə alınıb. İlin əvvəlindən ən çox yeni doğulan körpə Kiyevdə - 9695, Lvov vilayətində - 7923, Dnepropetrovsk vilayətində - 6962 qeydə alınıb.
Cəbhə bölgələrində daha az uşaq doğulub: Xerson vilayətində - 221 uşaq, Donetsk vilayətində - 702. Luqansk vilayətində bu müddət ərzində bir dənə də olsun körpə qeydə alınmayıb.
Ən çox ölüm Dnepropetrovsk vilayətində qeydə alınıb - 26 374, Xarkov vilayətində - 17 999, Kiyevdə - 17 449.
O da qeyd edilir ki, Səhiyyə Nazirliyinin məlumatına görə, 2013-cü ildən başlayaraq, Ukraynada doğum səviyyəsi hər il təxminən 7% azalır. Müharibə illərində isə bu azalma sürəti kəskin şəkildə artıb.
“AzPolitika.info”


Şərhlər