HƏMAS lideri İsmayıl Haniyənin Tehranda qətlə yetirilməsi hər nə qədər İsrail xüsusi xidmət orqanlarının və hazırkı Benyamin Netanyahu hökumətinin uğuru kimi qələmə verilsə də, bunun əksini düşünənlər də az deyil.
Belə ki, bu addım faktiki olaraq, Qəzzada sülhü, hətta adi atəşkəsi daha da uzaq dövrə təxirə saldı və HƏMAS-ın əlindəki israilli girovların qaytarılmasını yaxın perspektivdə mümkünsüz etdi.
“AzPolitika” xəbər verir ki, İsrailin sabiq baş naziri Ehud Barak CNN-ə müsahibəsində Benyamin Netanyahunun girovların qaytarılmasında maraqlı olmadığını deyib.
Onun fikrincə, Netanyahu girovların qaytarılmasıyla bağlı sövdələşməni dayandırmaq üçün HƏMAS rəhbəri İsmayıl Haniyənin qətlini təşkil edib. Barakın sözlərinə görə, İsrailin Haniyəni qətlə yetirməsi “səhv addım idi”.
Bu arada İsrailin Rusiyadakı keçmiş səfiri, tanınmış diplomat Arkadi Milman da Haniyənin qətlinin ilk növbədə Netanyahunun daxili siyasi maraqlarına xidmət etdiyini deyib: “Netanyahuya hansısa nailiyyətlərini göstərmək lazımdır. Əks halda o, öz baş nazir kreslosunda qala bilməyəcək”.
Onu da qeyd edək ki, İsrail Haniyənin öldürülməsilə bağlı məsuliyyəti hələ də rəsmən öz üzərinə götürməyib.
C.Məmmədov
“AzPolitika.info”


Şərhlər
Haniyəni öldürən İsrail olmayıb axı cinayəti boynuna alsın.Öldürmüş olsa açıqca deyər ki mən öldürmüşəm.Amma deyə də bilmir ki,Haniyəni ABŞ-ın gizli əmriylə İran öldürüb.Çünki Haniyə İsraillə hər cür sülh danışıqlarına gedəcəyini bildirmişdi,yetər ki qırğın dayansın.Sülh isə ABŞ-a lazım deyil.Çünki nə vaxtsa Türkiyəni hədəfə almaq üçün Aralıq Dənizinə böyük qoşun toplamağa tutarlı bəhanə olsun deyə ona İsrail-İran qarşıdurmasının şiddətli fazaya keçməsi lazımdır.