İyun ayında Azərbaycan vətəndaşları istirahətə hara gediblər?
“AzPolitika” xəbər verir ki, “Axşambazarı” iqtisadi bülletində bu suala cavab axtarılıb. Araşırma hava limanlarından həyata keçirilmiş reyslər əsasında aparılıb. Qeyd olunur ki, bəzi istiqamətlər üzrə, məsələn, Dubay, Istanbul və s. dəqiq nəsə demək çətindir.
“Ona görə aşağıdaki cədvəldə biz yalnız azərbaycanlıların əsasən istirahət məqsədləri üçün seçdikləri istiqamətləri üzrə məlumatı toplamışıq”, - müəlliflər qeyd edirlər.
Materialda seçilmiş 12 istiqamət üzrə səfər etmiş sərnişinlərin sayının 25% artdığı göstərilir: “Düzdür, bu sərnişinlər arasında xarici vətəndaşlar da ola bilər, amma turizm statistikası ilə müqayisə edəndə görə bilərik ki, müvafiq ölkələrdən turistlərin sayı heç də çox deyil. Çətinliklə təsəvvür etmək olar ki, hər hansı xarici vətəndaş Bakını Antalyaya və ya Bodruma getmək üçün tranzit məntəqə kimi istifadə etsin. Burada biz 2024-cü ilin göstəricilərini 2023-cü ilin iyun ayı ilə müqayisə etdik. Görə bilərik ki, ən yüksək artım Çernoqoriya üzrə qeydə alınıb. Bu il iyun ayında müvafiq istiqamətdən 1,6 min insan istifadə edib. Təxmin edə bilərik ki, vizasız rejim, turizm şirkətləri tərəfindən təklif olunan turlar bu məsələdə öz rolunu oynayıb. Hətta nəticə etibarilə Tivat Bodrumu da qabaqlayıb. Bodruma yönəlmiş sərnişin sayında isə əksinə azalma qeydə alınıb. Eyni məsələ Antalyaya da aiddir. Düzdür, buraya üz tutmuş turistlərin sayı Bodrum ilə müqayisədə 7 dəfə çoxdur, amma 2023-cü ilin iyun ayı ilə müqayisədə 17% azalma qeydə alınıb. Təxmin edə bilərik ki, azalmanın əsas səbəbi xaricə getmək imkanı olan Azərbaycan vətəndaşları üçün seçim imkanlarının artımı ilə bağlıdır. Yaxud Antalya və Bodrumda qiymətlərin artımıdır. Artım üzrə növbəti yerlərdə Batumi, Abu Dabi və Milan qərarlaşıb. Əgər Abu Dabi həmçinin xarici vətəndaşların istifadə etdiyi hava limanıdırsa, Batumi və Milana yönələnlər əsasən Azərbaycan vətəndaşlarıdır. İtaliya istiqaməti ümumiyyətlə loukosterlər hesabına çox məşhurlaşıb və 50% civarında artım göstərib. Batumi də ənənəvi istiqamətlərdəndir, amma adətən insanlar Tbilisidən istifadə edirdilər (və ya quru sərhədlərin açıq olduğu dövrdən digər nəqliyyat növlərindən), tədricən birbaşa reyslərdən daha çox istifadə etməyə başlayıblar. Növbəti yerlərdə Şarja, Şarm-al-Şeyx və Minvodi qərarlaşıblar. Bu istiqamətlər üzrə də artım müşahidə olunur. Göründüyü kimi yeganə azalma Türkiyə və Budapeşt üzrə qeydə alınıb. Birincisi, qeyd etdiyimiz kimi seçim imkanlarının artımı (İtaliya, Çernoqoriya, Gürcüstan), ikincisi isə Avropanın digər şəhərlərinə, əsasən də İtaliyaya loukosterlərin açılması ilə bağlıdır”.


Şərhlər
Ay qardaş Türkiyədə qiymətlər od tutub yanır, camaatda günah yoxdur. 2 nəfər çorəkarası toyuq fönəri yerdə 25-30 manat edir. Mən özüm bunun canlı şahidiyəm. Otellərin qiymətindən də danışmağa dəyməz. Türkiyə istehsalı olan eyni malı verginin hesabına orda 2 qat bahadır.
1.6 min Çernoqoriyaya istirahete gedib.....
10 milyonluq ehalinin 1600 neferi .....)))))))))))))))))))